Məhsəti Gəncəvi

M. Gancavinin heykali
    Məhsəti Gəncəvi - XII əsrin Azərbaycan şairəsi olmuşdur. Həyatı haqqında mə`lumat çox azdır. Onun tarixi şəxsiyyət olub-olmaması, Ömər Xəyyamdan əvvəl və ya sonra yaşaması, harada anadan olması haqqında müxtəlif mübahisəli fikirlər vardır. Son tədqiqatlar Məhsəti Gəncəvinin təqribən XI əsrin axırlarında Gəncədə doğulduğunu, mükəmməl təhsil aldığını, Şərq ədəbiyyatı və musiqisinə yaxından bələd olduğunu göstərir.
     Yazıçı-publisist Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat yolu və yaradıcılığına həsr olunmuş "Məhsəti necə varsa" kitabında (Bakı, Yazıçı, 1989) apardığı elmi araşdırmalara və tarixi xronoloji ardıcıllıqlarına görə ona öz minnətdarlığımızı bildiririk. Bu kitaba əsaslanaraq dahi şairəmiz Məhsəti Gəncəvi hayat yolundan daha geniş mə'lumat əldə edə bilirik.
     "Məhsəti və Əmir Əhməd" əlyazmasından anlaşılır ki, Məhsəti çox erkən bir şair kimi tanınmağa başlayır, az sonra o Şahi-Gəncənin, yə'ni Sultan Məhəmmədin sarayında təşkil olunan ziyafətlərə, şe'r məclislərinə də'vət edilir. Şairə təxminən 25-26 yaşında ikən Əmir Əhmədlə tanış olur. Əmir Əhməd atası - Gəncə xətibinin iradəsinin əksinə Məhsəti ilə dostluq edir və onun yaşadığı Xarabat məhəlləsinə tez-tez qonaq gəlir. Gəncə xətibi Şahi-Gəncəyə şikayət edir. Və Şahi-Gəncə - Sultan Məhəmməd bu münaqişənin həllinə başlamaq istədiyi vaxtlarda da vəfat edir. Bu zaman Məhsəti təqribən 28-29 yaşında idi. Demək, onun doğum tarixi Sultan Məhəmmədin vəfatından 29 il əvvələ - 482 (1089)-cu ilə təsadüf edir.
     Gələcəkdə Məhsətinin doğum tarixi ilə bağlı daha dəqiq qaynaqlar üzə çıxarsa, təbii ki, onları danışıqsız qəbul etmək, göstərdiyimiz tarixi islah etmək olar. Lakin müəyyən şərtliyinə baxmayaraq, zənnimizcə, bu 1089-cu ili Məhsəti Gəncəvinin doğum tarixi kimi qəbul etmək lazımdır.
     Məhsəti ömrünün müəyyən günləri, ayları Bəlx, Mərv, Nişapur, Herat şəhərlərlə bağlı olmuş, o, bir müddət Mərvdə yaşayıb-yaratmışdır. Lakin mənbələrdəki mə'lumatlar və öz şe'rlərinin verdiyi bilgilər onu doğma Gəncə mühiti ilə qırılmaz tellərlə qovuşdurur.
     O, gənclik çağlarında Gəncədən bir neçə illik ayrılmalı olmuş, yaradıcılığının yetkinlik çağında yenidən doğma şəhərə dönmüş və ömrünün sonunadək burada yaşamışdır. Qürbətdə keçirdiyi illər Məhsəti yaradıcılığının sızıltılı misralarında donub qalıb:


Qürbətdə bəxt mənə yar olmasa da,
Barı, düşmən halımdan agah olmaz.
Bilirmisən səfərin əzabına dözmək yolunu niyə seçdim?
(Belə etdim) ki şirin yası tülkünün qarşısında olmasın.

     Gəncə hökmdarı Sultan Toğrul vaxtında artıq Məhsətinin yaşı yetmişi ötmüşdü. Lakin illərin gətirdiyi zəngin təcrübəsi, şairlik iste'dadı olan Məhsəti elə bu yaşda da öz şirin söhbəti ilə istənilən məclisi bəzəyə bilərdi. Təbii ki, o, Sultan Toğrulun məclisinə mə'nəvi zövq bağışlamaq üçün də'vət oluna bilərdi və bunu gərəyəncə yerinə yetirməyə gücü da çatardı.
      "Böyük Sovet Ensiklopediyası"nın yeni nəşrində Məhsəti adına artıq rast gəlmirik. Görünür bir neçə ədəbiyyatşünas məqalələrindən sonra şairəmizin guya bir mif olmasına o qədər inanılıb ki, adı belə mö'təbər mənbədən kənar edilib. Əlbəttə, buna görə hər kəsdən daha əvvəl Məhsətinin gerçəkliyi problemini vaxtında həll etməmiş ədəbiyyatşünaslığımız suçludur. "Böyük Sovet Ensiklopediyası"nın ikinci nəşrində isə Məhsəti haqqındakı kiçicik məqalə yanlışlarla doludur və o, sırf saray şairi kimi təqdim olunur. Heç şübhəsiz ki, bu nəticəyə gəlmiş məqalə müəllifi əslində Məhsəti irsindən, onun obrazlar sistemindən xəbərsiz olmuşdur.
     1923-cü ilin noyabrında Tiflisdə çıxan "Yeni fikir" qəzetinin 206-cı nömrəsində Mir Abbas Bağırzadənin "Nizaminin qəbri" adlı məqaləsi dərc edilir. Məqalədə bir qrup Gəncə ziyalısının (Şair Mirzə Məhəmməd Axundzadə, müəllim Cavad bəy, tarixçi Rəfibəyov, müəllim Mir Kazım Mirsüleymanzadə) xüsusi komissiya təşkil etmələri və 1923-cü ilin aprelində Nizaminin qəbri yanında qazıntı işləri aparmalarından, məzarı şəhərin daxilində - Şah Abbas məscidinin qarşısına köçürmək istəklərindən bəhs edilir.
      Qazıntı zamanı Nizami məzarının yanında bir qadın qəbrinin olduğu da üzə çıxır. "Bu kimin məzarı ola bilər" məsələsi başında da müxtəlif fikirlər söylənib. Vəhid Dəstgerdi belə güman edib ki, bu, Nizaminin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu dahi şairin qızının qəbri hesab edənlər də tapılıb. Halbuki, Nizaminin qızı olması barədə e'tibarlı, dürüst mə'lumat yoxdur. Ümumiyyətlə, bu mülahizələrin heç birinin real əsası olmayıb. "Məhsəti və Əmir Əhməd" adlı əlyazmada isə Məhsətinin məzarının Nizami məqbərəsinin yanında olması barədə qeyd var.
     Biz, 1923-cü ildə aşkarlanmış məzarın Afaqın, Məhsətinin və bir başqasının olması mübahisəsinin həllinə girişmək istəmirik. Həqiqət budur ki, Məhsətinin məzarı Nizami məqbərəsi ilə yanaşı olub və bizi indi düşündürən budur. Elə o yerlərdəcə Məhsətiyə bir məqbərə ucaltmaq şairəmizin xatirəsi qarşısındakı mə'nəvi borcumuzdur.
      Məhsəti şəxsiyyəti haqqında gələcəkdə yeni-yeni mə'lumatlar əldə olunacağına şübhə yoxdur. Yeni faktlar əsasında biz Məhsətidən tək bir şairə kimi yox, həm də bir musiqiçi, bir şahmatçı kimi də söz aça biləcəyik. Təsadüfi deyil ki, "Məhsəti və Əmir Əhməd" əlyazmasının Britaniya kitabxanasında saxlanılan nüsxəsinə çəkilmiş miniatürlərdən birində şairə Xətib oğlu ilə birgə şahmat taxtası arxasında təsvir edilmişdir. Məhsəti ilk böyük qadın şairimiz olmaqdan özgə, həm də hələlik tanıdığımız ilk qadın şahmatçımızdır.
     Yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Məhsəti Gəncəvi fars dilində, əsasən rübai janrında yazmışdır.
     Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. XIII-XVII əsrlərə aid cüng və təzkirələrdə Məhsəti Gəncəvinin 200-ə yaxın rübaisi və bir neçə başqa lirik şe`ri saxlanmışdır. Məhsəti Gəncəvi yalnız öz dövründə deyil, sonralar da görkəmli rübai ustası kimi tanınmış, bu isə bə`zən başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəbolmuşdur.
     Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur. Rübailəri dünyəviliyi, humanizmi, epikürizmi, nikbinliyi ilə seçilir. Məhsəti Gəncəvi məhəbbəti təbii duyğu, insan şərəfini yüksəldən nəcib bir hiss kimi mə`nalandırır. Şairə dini xürafat, riyakarlıq və mühafizəkarlıq əleyhinə çıxaraq, insanın mə`nəvi azadlığını müdafiə etmişdir. Onun şe`rlərində xalqın, xüsusilə Şərq qadınının azad və xoşbəxt həyat haqqında romantik arzuları da əks olunmuşdur.
     Gəncədə muzeyi yaradılmış, 1980-ci ildə isə heykəli qoyulmuşdur.
     Bir gün gələr ki, indi əzəmətlə yüksələn, bitən əsrin sevgisiylə daha da süslənmiş Nizami məqbərəsinin yanında, ilk böyük şairəmiz üçün də məqbərə ucalar. Keçmişimizə və Məhsətimizə sevginin bəlirtisi olan bu iş, həm də Nizami xatirəsinə daha bir sovqatımıza çevrilər. Onda səkkiz yüz il bundan irəli Gəncədə gerçəkdən görüşüb şe'rləşən Nizami və Məhsəti bizim günlərdə yenidən üz-üzə durar, onların məqbərələri başında keçirilən şe'r bayramlarının sevinci və təntənəsi daha artıq olar.


 Ana səhifəsi  Tarix • Bu gün • Gəncəlilər • Sarı səhifələr • Fotoarxiv • Biz • Poçt 
 • Xəbərlər • Forum • Xəritə • Çat • Fotogalereya •  • Axtarış • Linklər •