Nizami Gəncəvi
Nizami Gəncəvi- (təxəllüsü, əsil adı - İlyas Yusif oğlu) (1141-1209-cu il) - Azərbaycanın görkəmli şairi və mütəfəkkiri olmuşdur. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailəə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur.
Ömrü boyu Gəncədə yaşamış, saray
şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal
zəhməti ilə dolanmışdır. Təqribən
1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin
Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi
qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş,
1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvi yaradığılıca lirik şe`rlərlə
başlamışdır. Əsərlərindən mə`lum
olur ki, şair böyük divan yaratmış, qəzəl
və qəsidələr müəllifi kimi şöhrətlənmişdir.
Nizami lirikası yüksək sənətkarlığı,
məhəbbətə dünyəvi münasibəti,
insan taleyi haqqında humanist düşüncələri
ilə seçilir. Lakin Nizami dünya ədəbiyyatı
tarixinə məsnəvi formasında yazdığı
beş poemadan ibarət ("Sirlər xəzinəsi", "Xosrov
və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl",
"İsgəndərnamə") "Xəmsə" (Beşlik) müəllifi
kimi daxil olmuşdur.
Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mə`nəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapmışdır. İnsanın daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların xarakterlərinin dinamik inkişafda verilməsi Nizami ədəbi məktəbinin əsas qayəsini və məzmununu təşkil edir. Məhəbbət mövzusunun Şərq ədəbiyyatında geniş yayılaraq, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur. Nizami Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mə`nada şərh edərək, nəcib məhəbbət konsepsiyasını yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mə`nəvi təkamül problemləri ilə bağlamışdır.
Nizami Gəncəvi Yaxın Şərq
xalqlarının ədəbiyyatına son dərəcə
yüksək humanist ideyalar və yeni sənətkarlıq
nailiyyətləri gətirmiş, Şərq ədəbiyyatlarında
yeni bir istiqamət açmışdır. Nizami ədəbiyyatı
həmişə həyatla əlaqələndirməyə
çalışmış, öz mövzularını
tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından
yanaşmış, böyük humanist şair olaraq insanı,
insan ləyaqətini tərənnüm etmişdir. O, xalqın
istək və arzularını, xalq yaradıcılığından
və təfəkküründən əxz etdiyi müdrik
fikirlərini yüksək sənət dili ilə ifadə
etmiş, həm ideya, həm də sənətkarlıq
cəhətdən kamil bədii əsərlər yaratmışdır.
Şərq ədəbiyyatı
tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını
yüksək insani sifətlərə malik ülvi varlıq
kimi təsvir etmişdir. Nizami cəsarəti, mərdliyi
və gözəl əxlaqı ilə seçilən mübariz
qadın obrazlarını insani keyfiyyətlərdən
məhrum kişilərə qarşı qoyur, qadının
həyatın müxtəlif sahələrdə kişilərlə
bərabər çalışmağa qadir olduğunu sübut
edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında
ilk dəfə olaraq əməyi insanın bütün
başqa canlılardan fərqləndirən həyati tələbat
kimi tərənnüm etmişdir. Şairə görə
yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir.
Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında azərbaycan şifahi xalq ədəbiyyatından - dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir göstərmişdir. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul, Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır. XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.
|