Mirzə Şəfi Vazeh
Azərbaycanın görkəmli
şairi, mütəfəkkiri və maarifçisi olmuşdur.
1794-cü ildə Gəncə şəhərində me`mar
ailəsində doğulmuşdur. Mədrəsədə
oxumuş, lakin dini ehkamlara mənfi münasibətinə
görə oradan çıxarılmışdır. Bir
müddət Gəncədə xəttatlıq etmiş,
M.F.Axundova hüsnxətt öyrətmiş, onu ruhani olmaq
fikrindən daşındırmışdır. Mirzə
Şəfi Vazeh 1840-cı ildə Tiflisə köçmüş,
qəza məktəbində azərbaycan və fars dillərindən
dərs demişdir. Qabaqcıl rus, gürcü və xarici
ölkə ziyalıları ilə dostlaşmış.
Gəncədə tə`sis etdiyi
"Divani-hikmət" ədəbi-fəlsəfi məclisinin
fəaliyyətini davam etdirmişdir. Məclisdə poeziya,
fəlsəfəvə etikaya, dövrün mühüm
ictimai məsələlərinə dair fikir mübadiləsi
aparılırdı. A.A. Bakıxanov, M.F. Axundov, F. Bodenştedt
və başqaları məclisdə iştirak edirdi. M.Ş.
Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış,
qəza məktəbində müəllim olmuşdur. 1850-ci
ildə yenidən Tiflisə getmiş, gimnaziyada azərbaycan
və fars dillərindən dərs demişdir. Əsərlərini
azərbaycan və fars dillərində yazan M.Ş. Vazeh,
əsasən lirik şe`rlər yazmışdır. Şe`rlərindəgözəllik, dünya ne`mətləri tərənnüm
olunur, məhəbbət dini e`tiqada qarşı qoyulur.
Vazehin dini ehkam, zahidlik, həmçinin istibdad əleyhinə
də şe`rləri var. M.Ş. Vazehin maarif sahəsində də mühüm xidmətləri olmuşdur. Belə ki, 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ. Qriqoryevlə birlikdə azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi-türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur. M.Ş. Vazehin fəlsəfi dünya görüşünün əsasında sufiliyin və çarvaka hind fəlsəfi məktəbinin materialist tə`liminin ünsürlərini birləşdirən panteizm dururdu. M.Ş. Vazeh 28 noyabr 1852-ci il tarixdə Tiflis şəhərində vəfat etmişdir.
|