IDMAN: Futbol , Spartakiada, Basketbol, Kikboksinq, Sərbəst güləş
Futbol
Həvəskarlar arasında futbol üzrə ölkə birinciliyinin qrup yarışları başa çatdı. Xatırladaq ki, ikinci mərhələdə 16 komanda dörd qrupda yarımfinala vəsiqə uğrunda mübarizə aparırdı.
"A" qrupunda yarışan "Gəncə-2" komandası bu mərhələdə zəif çıxış edərək 3 xalla axırıncı - dördüncü yerə çıxıb və bununla da, komanda öz mübarizəsini dayandırmalı olacaq.
Spartakiada Gəncənin idman bazalarında şəhərin ali və orta məktəblərinin ənənəvi spartakiadası davam edir. Artıq basketbol və stolüstü tennis növləri üzrə qaliblər məlum olub.
Basketbol turnirində ali məktəblərin arasında Gəncə Dövlət Universitetinin komandaları (oğlan və qız) fərqləniblər. Orta ixtisas məktəbləri arasında isə Texniki Kollecin basketbolçuları qalib gəliblər.
Stolüstü tennis üzrə yarışlarda ali məktəblərin arasında yenə də Gəncə Dövlət Universitetinin idmançıları birinci olmuşlar, orta ixtisas məktəbləri arasında isə Texniki Kollecin kollektivi çempion olmuşdur.
Spartakiada davam edir.
Basketbol Gəncə Olimpiya İdman kompleksində keçirilən yeniyetmələr arasında basketbol üzrə ənənəvi "BAM" turniri aprelin 19-da başa çatdı. Turnirdə şəhərin "Təhsil" İdman Mərkəzinin, "Telekom", Humanitar Kollecin və başqa idman cəmiyyətlərinin qız və oğlan komandaları iştirak ediblər.
Yarışın nəticələrinə görə, "Telekom"un qız və oğlan komandaları birinci yerlərə çıxıblar.
Qaliblər may ayının ortalarında Bakıda keçiriləcək "BAM" Respublika turnirində iştirak edəcəklər.
Kikboksinq Aprelin 19-da Bakıda kikboksinqin lou-kik növü üzrə XI Azərbaycan çempionatı başa çatdı. Çempionatda Bakı, Gəncə, Naxçıvan, Əli Bayramlı və digər şəhərlərdən gəlmiş 123 idmançı rinqdə mübarizə aparıb. Qaliblər 12 çəki dərəcəsində müəyyən edilib.
Gəncə kikboksçuları bu çempionatda dörd medal qazanıb. Məşqçi İlqar Əliyevin yetirmələri Sənan Haqverdiyev (51 kq), Elnur Salamov (54 kq) gümüş, Tural Hacıyev (91 kq) bürünc medala layiq görülüb. Dinamoçu Ramin Quliyev (75 kq) də bürünc medalla təltif olunub.
Çempionatın nəticələrinə görə, Sənan Haqverdiyev və Elnur Salamov Azərbaycan yığma komandasının tərkibinə daxil olaraq oktyabr ayında Yaltada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.
Sərbəst güləş Aprelin 23-də Türkiyədə sərbəst güləş üzrə Avropa çempionatı start götürüb. Yarışda qitənin ən güclü pəhləvanları medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycanın yığma komandasının tərkibində, gəncəli Abil İbrahimov da iştirak edəcək. Nəticələr barədə növbəti sayımızda məlumat verəcəyik.
Şahmat
Aprelin 23-də Gəncə Şahmat Məktəbində qadınlar və kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının zona yarışına start verildi.
Yarışda Respublikanın şəhər və rayonlarını təmsil edən 80-ə yaxın idmançı yüksək liqada oynamaq üçün mübarizə aparırlar.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarətdir. Yarışda birinci və ikinci yerləri tutan şahmatçılar yüksək liqada öz güclərini sınayacaqlar.
Çempionatda Respublika Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun iştirakı gözlənilir.
***
Aprelin 19-da Türkiyənin Əskişəhər şəhərində şahmat məktəbləri yetirmələri arasında Avropa komanda birinciliyi start götürmüşdür. Yarışda 7 ölkənin - Rusiya, İngiltərə, Rumıniya, Belarus, Türkmənistan, Azərbaycan və Türkiyənin 180 şahmatçısı iki yaş qrupunda (12 və 16 yaşa qədər) iştirak edirlər. Azərbaycanı bu yarışda Gəncə şahmat məktəbinin komandası (məşqçi - Şaiq Quliyev) təmsil edir.
Gəncə komandası 16 yaşlılar arasında öz gücünü sınayırlar. Artıq komandalar beş tur oynayıb. Komandamız 3 oyunda qalib gəlib və Rusiya komandası ilə heç-heçə oynayaraq, 7 xalla üçüncü yerdə gedir. Ön sıraları Türkiyə və Rumıniya şahmatçıları tutur. |