ARXIV
|
#40. 2-8 oktyabr 2004
ILK REGIONAL BIZNES FORUM
"Qərb-Şərq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, respublikamızı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşən Gəncə-Qazax iqtisadi rayonu istər təbii şəraitinə, istərsə də ərazisinin zəngin yeraltı və yerüstü sərvətlərinə görə digər regionlarından fərqlənir. Həmin sərvətlər ki, xarici və yerli investorların sənaye və kənd təsərrüfatının istehsal və emal sahələrində çoxşaxəli fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Lakin çox təəssüf ki, sözügedən iqtisadi rayonun mövcud potensialından indiyə qədər lazımi səviyyədə istifadə edilməyib". Bu fikirləri İqtisadi İnkişaf naziri Fərhad Əliyev sentyabrın 28-29 tarixlərində Gəncədə keçirilən Regional Biznes-Forumda giriş sözündə səsləndirdi. O, tədbirin təşkil olunmasının, Gəncə-Qazax bölgəsinin investisiya imkanlarının araşdırılması, iş adamlarının (xüsusən xaricilərin) diqqətini regionun iqtisadi potensialına cəlb etmək, yerli sahibkarlarla xarici investorların işbirliyi qurmasına şərait yaratmaq və investisiya tələb edən cəlbedici sahələr haqqında qonaqlara ətraflı məlumat vermək zərurətindən irəli gəldiyini bildirdi. Nazir forumun bölgəyə investisiya axınının sürətləndirilməsində, Gəncəbasarın iqtisadi potensialından daha dolğun istifadə edilməsində, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi nöqteyi-nəzərindən də əhəmiyyətli olduğunu qeyd etdi.
Forumda dövlət orqanlarının nümayəndələri, Gəncə və ətraf rayonların İcra Hakimiyyəti başçıları, 50-yə qədər yerli və xarici investorlar, ölkəmizdəki xarici diplomatik korpusların (İsrail, İran) nümayəndələri, regionda fəaliyyət göstərən sahibkarlar və digər qonaqlar iştirak edirdilər. Tədbiri 70-ə yaxın televiziya və mətbuat vasitəsi işıqlandırırdı.
Nazir F. Əliyev, rəhbərlik etdiyi nümayəndə heyəti, xarici, yerli iş adamları və s. tədbirin rəsmi hissəsindən sonra forum çərçivəsində təşkil olunan Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən şirkətlərin istehsal etdikləri məhsullardan və göstərdikləri xidmət növlərindən ibarət sərgiyə baxış keçirdilər. Günün ikinci yarısı forum iştirakçıları Regional Biznes-Forum çərçivəsində şəhərin Olimpiya-İdman kompleksində hazırlanan kredit yarmarkasına gəldilər. Tədbirə 24 müvəkkil kredit təşkilatların rəhbərləri də qatılmışdı. Kredit yarmarkası nəticəsində Gəncəbasar iqtisadi rayonun 200-dən artıq sahibkarına 9,46 mlrd manat güzəştli kredit verilməsi qərarının qəbul olundu. 950 yerli sakin işlə təmin olunacaq
|
"GAZ"-IN İNVESTOR AXTARIŞI
İqtisadi İnkişaf naziri Fərhad Əliyev bu günlərdə Gəncədə yerli KİV ilə keçirdiyi görüşdə şəhərimizlə bağlı bir sıra mətləblərə aydınlıq gətirdi. Daha çox diqqəti cəlb edən, taleyi sual altında olan Gəncə Avtomobil zavodunun (GAZ) gələcək fəaliyyəti ilə əlaqədar məsələ oldu.
Xatırladaq ki, zavodun işə salınması üçün indiyə qədər neçə xarici ölkələrin şirkətlərinin nümayəndə heyəti Gəncədə olmuşdu. Öncə Fransanın "Reno" və Rusiyanın "Qazel" daha sonra Almaniyanın "Volkswagen" şirkətlərinin rəhbərləri ayrı-ayrı vaxtlarda müəssisəyə təşrif buyurmuş, mövcud vəziyyətlə yerində tanış olmuşlar. Nazir F. Əliyev bu vacib məsələyə münasibətini bildirərək, qeyd etdi ki, Almaniya şirkəti ilə danışıqlar davam etdirilir:
"Danışıqlar prosesində hələ ki, real nəticə olmadığından, qəti bir fikir deyə bilmirəm. Amma paralel olaraq, zavoda investisiya qoyuluşu üçün başqa şirkətlərə də müraciət olunur. Çünki bu 5000 iş yerinin açılması deməkdir. Odur ki, ilin sonuna qədər GAZ-ın ən azı bir neçə sexi işə salınacaq".
|
DİNİ İCMALARIN GƏNCƏDƏ AKSİYASI
Sentyabrın 23-24-də Azərbaycan Elmlər Akademiyası Gəncə filialının binasında "Dini icmalar AİDS-ə qarşı" mövzusunda iki günlük seminar keçirildi. Seminarı BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə "HİV/ AİDS-ə qarşı Vətəndaş cəmiyyətinin imkanlarının genişlənməsi" layihəsi çərçivəsində respublikada rəsmi qeydiyyatda olan dini icmaların müxtəlif konvensiya nümayəndələri təşkil etmişdi. Görüşün əsas məqsədi dini icmaların HİV/ AİDS profilaktikasında iştirakının mümkünlüyünü müzakirə etmək idi.
Seminarın aparıcısı - Azərbaycanda AİDS-ə qarşı baş mütəxəssis, BMT-nin "İnkişaf Fondunun" nümayəndəsi Lyudmila Məmmədovanın dediklərindən:
- AİDS bizə XX əsrdən qalan qara "mirasdır". Bu ümumbəşəri faciədir və bütün insanlar ona qarşı mübarizədə fəal olmalıdırlar. 1981-ci ildə aşkar olunan AİDS 20 il ərzində 30 milyon insanın həyatına son qoyub. 70 milyon insanın həyatını cəhənnəmə çevirib. Bu gün yüz milyonlarla insan HİV daşıyıcısıdır. Lakin sadaladığımız bu rəqəmlər heç də real deyil.
Bu xəstəlik təzə başlayanda biz "risk qruplu adamları" əsasən bura aid edirdik. Sonra təcrübə göstərdi ki, bu səhvdir. Çünki bu xəstəliyə Yer kürəsində hər hansı bir insan tutula bilər. Məsələn, 1992-ci ildə Kolmıkiyanın Elista şəhərində 30-dan çox südəmər uşaq qanköçürmə vaxtı AİDS yoluxucu xəstəliyinə tutulublar.
Faktlar göstərir ki, islam ölkələrində - İranda, Pakistanda, hətta Səudiyyə Ərəbistanında da HİV/ AİDS epidemiyası baş alıb gedir. Din xadimləri icmalarda öz nüfuzlarından, imkanlarından və Allahın adından istifadə edib, bu barədə dindarlara məlumat verməlidirlər.
Bu gün yeganə yol - özünü qorumaqdır. Düzdür, ötən 20 il ərzində müxtəlif dərmanlar tapılıb və onların vasitəsi ilə HİV daşıyıcıların ömrünü uzatmaq mümkün olub. Ancaq HİV/ AİDS-ə qarşı vaksina hələ tapılmayıb.
|
QAMBAY VERDİYEVƏ "FƏXRİ ZİYALI ADI VERİLDİ"
Gəncəmizin görkəmli memarı, istedadlı müəllim Qambay Yusif oğlu Verdiyevlə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) əsas binasında görüş oldu. Görüşün əsas məqsədi Qambay Verdiyevin Azərbaycan Respublikası Ziyalılar Cəmiyyəti tərəfindən Fəxri Ziyalı adına layiq görülməsi idi. Yığıncağı AKTA-nın rektoru, cəmiyyətin sədri, akademik Məmmədtağı Cəfərov "Qambay müəllim Gəncəmizin Əliş Ləmbəranskisidir", deyərək açdı. Gəncədəki bütün yenidənqurma və tikinti işlərinin, tarixi abidələrin yaradılmasının Q. Verdiyevin adı ilə bağlı olduğunu bildirdi. Gəncənin, eləcə də Gəncəbasar zonasının yaxın və uzaq tarixində Qambay müəllimin izlərinin olduğunu vurğuladı. "Biz bu gün fəxr edirik ki, Gəncəmizin Qambay Verdiyevi var", deyən akademik 90 yaşını adlamış qocaman memarın bu gün də iş başında olmasının sevindirici hal olduğunu dedi. Q. Verdiyev tərəfindən yaradılan İnşaat Texnikumunun yüzlərlə yetirmələrinin səslərinin yüksək kürsülərdən gəldiyini söylədi. Fəxri Ziyalı adı alması münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun təbrik teleqramını, Kənd Təsərrüfatı naziri İrşad Əliyevin, Təhsil naziri Misir Mərdanovun, Milli Məclisin vitse-spikeri Arif Rəhimzadənin, Baş nazirin müavini Abbas Abbasovun, professor Vaqif Verdiyevin və keçmiş Təhsil naziri Qurban Əliyevin təbriklərini Qambay müəllimə çatdırdı.
Q. Verdiyev qazandığı bütün uğurlarının fəaliyyətilə əlaqədar olduğunu söylədi. 1939-cu ildə ali təhsilini başa vurub Gəncəyə təyinat aldığını, lakin 1936-cı ildə Gəncədə prorab vəzifəsində tikintidə çalışdığını bildirdi. Q. Verdiyev Gəncədə İcra Hakimiyyəti binasının, Gəncə Dövlət Universitetinin binasının, AKTA-nın yataqxanasının, 3 saylı xəstəxananın, uşaq baxçası və yaşayış binalarının onun əməyinin "məhsulu" olduğunu söylədi. Bu işdə onun tərəfindən yaradılmış və 34 il rektoru olmuş İnşaat Texnikumunun yetirmələrinin də böyük rol oynadığını vurğuladı. Sonda tədbir iştirakçılarına təşəkkür edən Qanbay müəllim onun fəaliyyətinin yüksək qiymətləndirildiyinə görə minəttarlığını bildirdi.
60 ildən artıq əmək fəaliyyəti ilə məşğul olan Q. Verdiyev bu müddətdə müxtəlif orden və medallarla, Fəxri fərman və diplomlarla təltif olunmuş, şəhər İcraiyyə Komitəsinin deputatı olmuş, el ağsaqqalı adına layiq görülmüşdü. Fəxri Ziyalı adı alması münasibətilə "Gəncəbasar" qəzeti adından səbəbkarı təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq. |
KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ DAİR SEMİNAR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ATƏT-in Bakı ofisi ilə birgə sentyabrın 30-dan oktyabrın 2-dək seminar keçirdi. "Vətəndaşlar Konstitusiya Məhkəməsinə hansı hallarda və qaydada müraciət edə bilərlər?" "Hüquq və İnkişaf" İctimai Birliyinin təşkil etdiyi bu tədbirdə müzakirələr məhz bu mövzu ətrafında aparılırdı. Seminarda hüquqşünaslar, bələdiyyə üzvləri, QHT nümayəndələri, iqtisadçılar, həkim, müəllim, tələbə və şagirdlər iştirak edirdi. Birliyin sədri Hafiz Həsənov iştirakçılara 2003-cü il 23 dekabrda qəbul edilən "Konstitusiya Məhkəməsi haqqında" AR qanunun əsas maddələri barədə ətraflı məlumat verdi. Konstitusiya Məhkəməsinin məhkəmə iclaslarının təşkili sektorunun baş məsləhətçisi Ziyadxan Abbaszadə bildirdi ki, bu ilin yanvar ayından 28 sentyabr tarixinədək məhkəməyə 2292 fərdi şikayət daxil olub. Onlardan yalnız 15-i icraata götürülüb, 13-nə isə baxış keçirilib. 119 şikayət Ali Məhkəməyə, 136-sı Ədliyyə Nazirliyinə, 73-ü Respublika Prokurorluğuna, 25-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, digərləri isə müxtəlif orqanlara göndərilib. Konstitusiya Məhkəməsində icraatın ödənişsiz olduğunu deyən Z. Abbaszadə əsasən şikayətlərin mənzil hüquqları ilə bağlı olduğunu söylədi. Şikayətlərin 95 faizinin Bakı və ətraf regionlardan, 5 faizinin isə respublikanın digər bölgələrindən olduğunu bildirdi. Bölgələrdən olan şikayətin azlığını vətəndaşların imkansızlığı və yerli məhkəmələr tərəfindən "get-gələ" çox yol verilməsi ilə izah etdi. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinə ünvanlanan bəzi şikayətlərin onların səlahiyyətinə aid olmadığını dedi.
Sonra Konstitusiya Məhkəməsinin məhkəmə qərarları icrasının nəzarət sektoru şöbəsinin müdiri Xəqani Məmmədov 1995-ci ildən yaradılan Konstitusiya Məhkəməsinin məqsədinin digər məhkəmələr tərəfindən qəbul edilən qərarlara yenidən baxılması olduğunu, bu məhkəmə instansiyasının palatasında şikayətlərin icraatına baxıldığını, plenumunda isə icra edildiyini dedi.
Konstitusiya Məhkəməsinə şikayət:
- məhkəmə aktlarından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra;
- ərizəçinin məhkəməyə müraciət etmək hüququ pozulduqda;
- hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadıqda verilə bilər.
Konstitusiya Məhkəməsinə şikayət isə axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ya ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.
Seminar disput xarakterli söhbətlə sona çatdı. |
NOTARİAT VƏ ARXİV ORQANLARI ÜÇÜN SEMİNAR
Ədliyyə Nazirliyinin rəhbərliyi nazirliyin yanında fəaliyyət göstərən Notariat və VVA (Vətəndaşlıq Vəziyyəti Aktları) idarəsinin (xüsusilə notariata dair) arxivini yaratmışdır. Artıq bu qurum rəsmiləşdirilmişdir. Belə ki, Dövlət notariat idarəsinin ayrıca arxivi fəaliyyət göstərəcəkdir. Bu da əhaliyə etibarlı hüquqi xidmət deməkdir.
Regionlardakı Dövlət notariat orqanlarının özlərinin də arxivi vardır. Dövlət qərarına əsasən "Dövlət notariat arxivinin yaradılması barədə" 7 avqust 2003-cü ildə 12-T nömrəli əmr imzalanmışdır. Dövlət notariat arxivinin formalaşdırılması məqsədilə dövlət notariat arxivinə sənədlərin təhvil verilməsi ilə əlaqədar notariat kontorlarının fəaliyyətinin təşkilinə dair qaydalar tərtib edilmişdir.
Həmin qaydaların tələblərinin düzgün tətbiqi üçün onların notariat orqanlarının əməkdaşları tərəfindən dərindən öyrənilməsinin təmin edilməsi məqsədilə nazirliyin xətti ilə Gəncə şəhəri, Xanlar, Samux, Kəlbəcər rayon Dövlət notariat orqanlarının notariusları və arxiv işini aparan kargüzarların iştirakı ilə seminar keçirilmişdir. Seminarda arxiv işlərinin hansı qayda ilə nizama salınması, təhvil verilməsi aydınlaşdırılmış və bu barədə arxiv idarəsinin müdiri Azər Tağıyev ətraflı məlumat vermişdir. Həmçinin arxivin məsləhətçisi Ağakərim Səmədzadə də dövlət arxivinin yaradılmasına dair bəzi vacib tövsiyyələrini bildirmişdir.
|
İDMAN: ŞAHMAT, XOKKEY
ŞAHMAT"Bakı Kuboku" uğrunda şahmat üzrə turnirə yekun vuruldu. Sentyabrın 16-dan 26-a kimi keçirilən bu yarışda Azərbaycanın və İranın 133 idmançısı mübarizə aparırdı.
İştirakçılar arasında bir qrup Gəncə şahmatçısı öz gücünü sınayıb.
Yarışın baş hakiminin köməkçisi, Gəncə Şahmat Məktəbinin baş məşqçi-müəllimi bizə bildirib ki, Gəncə şahmatçıları arasında ən yaxşı nəticə "A" qrupunda çıxış edən 14 yaşlılar arasında respublika çempionu Vüqar Rəsulov göstərmişdir. Vüqar 9 mümkün xaldan 6,5 xal yığaraq III-VI yerləri bölüşdürüb. Əmsala görə o, IV pillədə öz yerini tutub. Digər şahmatçılar - Nicat Ağayev, Ayaz Məmmədov və Şahin Hacıyev 5,5 xalla cədvəldə orta yerləri tutublar.
"B" qrupunda isə (burada 12 yaşa qədər idmançılar mübarizə aparırdı) 10 yaşlı qızlar arasında Türkan Cabbarova birinci, Səbinə İbrahimova ikinci yerə çıxıblar. Hər ikisi 6 xal yığıb. 8 yaşlı qızlar arasında Ülviyyə Fətəliyeva mükafatçılar sırasına düşüb.
XOKKEY Sentyabrın 25-də və 26-da kişi xokkey komandalarının ölkə çempionatında növbəti 8-ci turun oyunları keçirildi. Bu turda Gəncə xokkeyçiləri Cəlilabad komandası ilə görüşüblər. Görüşdə cəlilabadlılar 2:0 hesabı ilə qələbə qazanıblar.
Bu məğlubiyyət gəncəliləri çətin vəziyyətdə qoyub. İndi onların birinci altılığa düşməsi üçün çox az şansları var.
Hələlik isə onlar 8 xalla 9-cu yerdədirlər. Altıncı yerdə gedən mingəçevirlilərin 12 xalları var. Çempionatın qurtarmağına 3 tur qalıb. |
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|