ARXIV
|
#09. 26 mart - 01 aprel 2005
Baş meydanda bayram şənliyi Milli bayramımız Novruzun gəlişi ilə əlaqədar martın 19-da şəhərin baş meydanında bayram şənliyi keçirildi. İlk olaraq Novruzun atributları olan Keçəl və Kosa musiqi sədaları altında meydana daxil olaraq, öz məzəli, şirin zarafatları ilə bayram əhval-ruhiyyəsini yüksəltdilər. Daha sonra milli adət-ənənələrimizi özündə əks etdirən ədəbi-bədii kompozisiya göstərildi. Bayram süfrəsi açıldı. Süfrələrimizin şahı plov dəmləndi. Tədbirin sonunda Gəncə Kukla Teatrının aktyorlarının ifasında Novruz tamaşaları göstərildi. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Göy göl" Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəngarəng musiqilər tədbirə ayrıca bir gözəllik gətirdi. Şəhərimizin gənc idmançıları, pəhləvanları da öz bacarıqlarını nümayiş etdirdilər.
Qeyd edək ki, bayram tədbiri müxtəlif ölkələrdən gəlmiş qonaqların da böyük marağına səbəb oldu. Sonda, şəhər əhalisi şəhərimizin müxtəlif təhsil ocaqlarının təşkil etdiyi sərgiyə tamaşa etdilər.
Daha iki çoxmərtəbəli binanın tikintisi gedir Şəhərimizdə son dövrlər müasir üslubda çoxmərtəbəli binaların inşasına başlanılıb. Artıq bir aya yaxındır ki, Mahrasa bağı qəsəbəsində yeni göydələnlərin tikintisinə hazırlıq gedir. Tikinti işləri ilə Gəncədə ilk addımlarını atan "Şərur-Gəncə Mənzil Tikinti" Kooperativi məşğul olur. Yarım hektar torpaq sahəsini əhatə edən ərazidə 2 ədəd 12 mərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Hər bir binada 1, 2 və 3 otaqlı olmaqla 55 mənzil olacaq. 1 otaqlı 55 kvadrat metr, 2 otaqlı 104 kvadrat metr, 3 otaqlı mənzilin sahəsi 109 kvadrat metrdir. Hər binada 2 liftin olması planlaşdırılıb ki, onlardan biri yük üçün (600 kq-dan artıq yük götürə bilər) nəzərdə tutulub. Mənzillərin su ilə təminatı üçün 2 ehtiyat su anbarı tikiləcək, elektrik enerjisinin olmadığı vaxtlarda isə generatorlar işləyəcək (lift üçün ayrıca).
Mənzillərdə istiliyi təmin etmək məqsədi ilə qazanxana tikiləcək. Binaların ətrafında fəvvarə, istirahət zonası, idman meydançaları və avtomobil dayanacağının olması nəzərdə tutulub. Dövlət layihə institutu tərəfindən layihələndirilən binaların tikintisinə rəhbərlik edən kooperativin əməkdaşı Məmməd Hüseynov işlərin 10 ay ərzində yekunlaşacağını söylədi: "Hər bina 4 metr fundamentdən tikiləcək. Binaların tikintisi üçün 42 dövlət müəssisələrinin müsbət rəyi var. Həmçinin binanın işıq, su, qaz, yanğın təhlükəsizliyi və digər təminatları müvafiq təşkilatlar tərəfindən razılaşdırılıb. Torpağın quruluşu öyrənilib və geoloji tədqiqatlar aparılıb. Binalar yüksək ballı zəlzələyə davamlıdır. Digər çoxmərtəbəli binalarda avtomobil dayanacaqları binanın altında olsa da, binanın ümumi həcmi kiçik olduğundan bizim tikilidə yeraltı qaraj olmayacaq. Birinci mərtəbələrdə market və başqa məişət xidməti obyektləri fəaliyyət göstərəcək. Müasir üslubda inşa ediləcək yeni binalar şəhərimizin ümumi görünüşünü də dəyişəcək".
Qeyd edək ki, artıq tikiləcək binalardakı mənzillərlə maraqlananlar var. Ancaq hələ heç kim konkret təklif irəli sürməyib. Kooperativin Gəncə şöbəsinin mühasibi ilə söhbətimizdən isə məlum oldu ki, mənzil almaq arzusunda olanlar 1 kvadrat metrə görə 300 ABŞ dolları həcmində pul ödəməli olacaqlar.
Əsir əsgərlərimizin qaytarılacağı gözlənilir
Bir aydan çoxdur ki, Milli Ordumuzun 3 əsgəri - Ruslan Bəkirov (Şəmkir), Hikmət Tağıyev (İmişli) və Xəyal Abdullayev (Gəncə) ermənilər tərəfindən əsir alınaraq Xankəndində saxlanılırlar. Fevralın 15-də əsir düşən hərbiçilərimizin qaytarılması barədə bir neçə dəfə məlumat yayılsa da bu baş vermədi. Yayılan son informasiyalarda isə Tərtərdəki "N" saylı hərbi hissədə xidmət edərkən əsir götürülən əsgərlərimizin martın 28-nə kimi azad ediləcəyi deyilir. Bu məqsədlə hər iki ölkənin Müdafiə Nazirlikləri "Təhlükəsizlik zolağının" yaradılması barədə danışıqlar aparırlar. Çünki iki həftədən artıqdır ki, cəbhə xətti boyu Azərbaycan Milli Ordusunun mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulur. Elə əsirlərin geri qaytarılmasının yubanması da bununla izah olunur. Məsələ ilə məşğul olan Əsir və İtkin Düşmüş, Girov Götürülmüşlərlə İş üzrə Beynəlxalq İşçi Qrupunun üzvü B. Klauzenin verdiyi məlumata görə, hər iki ölkənin müvafiq qurumları ilə bu sahədə danışıqlar aparılır və əsirlərin qeyd-şərtsiz geri qaytarılması barədə razılıq əldə edilib.
Əsgərlərimiz əsirlikdə olduqları müddətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə ailələrinə 2 dəfə məktub göndəriblər. Birinci dəfə Moskvaya anasına məktub göndərən Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığından 2004-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağrılan Xəyal Abdullayev bu dəfə nənəsi Səhərgül Abdullayavaya namə ünvanlayıb. Səhərgül xanım Bakıda olduğundan X. Abdullayevin əmisinin həyat yoldaşı Bahar xanım bildirdi ki, Xəyal məktubunda qida sarıdan korluq çəkmədiklərini və səhhətlərinin normal olduğunu yazıb, lakin nə vaxt qaytarılacaqlarını bilmədiklərini qeyd edib.
Əlavə edək ki, həbsxanada olan Xəyalın atası oğlunun azad edilməsini tələb edərək başladığı aclıq aksiyasını hələ də davam etdirir.
AVCİYA - Gəncə Regional Mərkəzi təşkil olundu
Xoş məqsədlə yaradılmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkşafina Yardım Assosiyasiyası insanları bir amal ətrafında birləşdirmək, dövlətçiliyimizin möhkəmləndi-rilməsinə, sevimli vətənimizin daha da çiçəklənməsinə, onun xoşbəxt gələcəyinə töhvələr verməyi qarşısına məqsəd qoymuşdur.
Arzumuz Azrərbaycanda Vətəndaş Cəmiyyətinin bərqərar olmasına nail olmaq, müqstəqillik yollarında uğurla irəliləyərək ölkəmizdə demokratiyanı daha da inkişaf etdirmək, problemlərimizin həlli üçün əlimizdən gələni əsirgəməməklə respublikamızda mühüm proseslərə təsiredici bir qüvvə kimi əməli köməklik göstərməkdir.
AVCIYA Gəncə Regional Mərkəzi 2005 ci ilin mart ayından fəaliyyətə başlamışdır.
Biz Azərbaycanda arzusunda olduğumuz cəmiyyətin inkişafı, dövlətimizin bütün strukturlarını öz vəzifələrinin öhdəsindən bu gün necə gəldiklərini, xalqımızın hüquq-mühafizə orqanlarının, ayrı-ayrı nazirliklərin fəaliyyətinə münasibətini öyrənmək, cəmiyyət həyatının müxtəlif sahələrindəki vəziyyətdən xəbərdar olmaq, sosial sahələrdə mövcud olan problemləri aşkara çıxarmaq məqsədilə ilk addımımızı atırıq və regionlarda öz nümayəndəliklərimizi yaradırıq.
Novruz turniri başa çatdı
Novruz bayramı münasibətilə Gəncə şəhər Şahmat Məktəbində (GŞM) şahmat və dama üzrə "Novruz - 2005" turniri keçirildi. Turnirdə 70-ə yaxın idmançı qüvvəsini sınayıb. Şahmat yarışlarında 2 qrupda davam edən 8 günlük mübarizədən sonra qaliblər müəyyən olunub. "A" qrupunda 22 nəfərin iştirakı ilə keçirilən 7 turdan sonra nəticələr aşağıdakı kimi olub.
Oğlanlar:
1. Oqtay Abbasov - 6 xal (34 saylı məktəb)
2. Amil Abbasov - 6 xal (əmsallara görə) (4 saylı məktəb)
3. Dəyanət Kazımov - 4, 5 xal (34 saylı məktəb)
Qızlar:
1. Lalə Dadaşova - 4,5 xal (2 saylı məktəb)
2. Fizzə Verdiyeva - 4 xal (27 saylı məktəb)
3. Türkan İmanova - 3,5 xal (2 saylı məktəb)
42 nəfərin iştirakı ilə keçirilən "B" qrupundakı yarışlarda 9 turdan sonra nəticələr belədir:
Oğlanlar:
1. İsa Qaraisayev - 7,5 xal (1 saylı internat məktəbi)
2. Şəmil Zeynalov - 7 xal (23 saylı məktəb)
3. Elcan Salahov - 6, 5 xal (6 saylı məktəb)
Qızlar:
1. Aytən Quluzadə - 8 xal (39 saylı məktəb)
2. Şəms Mehdiyeva - 6,5 xal (18 saylı məktəb)
3. Zeynəb Ramazanova - 6 xal (4 saylı məktəb)
GŞM-nin direktoru Salman Cavadzadə bildirdi ki, Gəncə şahmatçıları Azərbaycan çempionatında uğurla iştirak edirlər və martın 26-da başa çatacaq birincilikdən medallarla qayıdacaqlarına ümid var.
Son vaxtlar dama sahəsində də irəliləyiş hiss olunur. Azərbaycan çempionatında ilk dəfə iştirak etmələrinə baxmayaraq, bir qızıl və bir bürünc medalın əldə edilməsi buna bariz misaldır.
"Novruz - 2005" turniri çərçivəsində keçirilən dama üzrə yarışlarda da 6 oyundan 4 xal toplayan ölkə çempionu Könül Abbasova (2 saylı məktəb) I yeri tutub. II yerə 3,5 xalla İbrahim Quliyev (27 saylı məktəb), III pilləyə isə 3,5 xal toplayan Fərid Allahverdiyev (27 saylı məktəb) qalxıb.
Futbol-Tilsim sındı
Gəncə futbolsevərləri artıq neçə vaxt idi ki, belə qələbə gözləyirdilər. Milli çempionatın II dövrəsi başlayandan "Gəncə" PFK (Peşəkar futbol klubu) qələbəyə həsrət idi. Keçirilən 5 oyundan 3 xal götürən klub 2 oyunda meydandan məğlub ayrılmışdı. Son tur ərəfəsində çempionatın liderlərindən olan "Karvan"la Yevlaxda qazanılan heç-heçə evdə "Gənclərbirliyi" ilə oyunda qələbəyə inam yaradırdı.
Start fitindən ötən 40 dəqiqə ərzində Sumqayıt təmsilçisinin "Gəncə"nin qapısına yaxınlaşa bilməməsi meydan sahiblərinin hücumda oynamasına dəlalət edirdi. Şahin Diniyevin yetirmələri meydana yalnız qələbə üçün çıxdıqlarını oyunun 18-ci dəqiqəsində qolla isbatladılar. Cərimə meydançasının sağ küncündən Etimad Qurbanovun topu "doqquzluğa" göndərməsi qazanılacaq qələbənin təməl qolu oldu. Üstünlüyə tam sahib olan "Gəncə" 37 və 40-cı dəqiqələrdə hesabı 3:0 etdi. Hər iki topu rəqib qapısından Mixail Xudiaşvili keçirdi. Böyük hesablı qələbənin qazanılacağını görən qonaqlar ilk yarının son 5 dəqiqəsində hesabı azaltmağa çalışsalar da səyləri boşa çıxdı. "Gəncə"nin gürcü legionerləri ikinci hissəyə daha fəal başladılar. Oyunun 56-cı dəqiqəsində Mixaildən ötürmə alan İrakli Beraya topu qapıdan keçirdi. Sürətli oyunu və ötürmələri ilə yadda qalan Beraya qardaşlarının, o cümlədən M. Xudiaşvilinin "qol maşını" isə dayanmaq bilmirdi. Dördüncü qoldan 6 dəqiqə sonra rəqib komandanın baş məşqçisi qapıçını dəyişdirsə də, yenisi çərçivədə durduğu ilk dəqiqəni qolla qeyd etdi. Mişa yenə də hesabı dəyişdirdi və het-trikə imza atdı. "Gəncə" son qolunu oyunun 78-ci dəqiqəsində vurdu. Qoldan doya bilməyən Mişa yenə "Gəncə"nin tablodakı 5-ni 6-ya dəyişdirdi. Bundan sonra "Gənclərbirliyi" 99-cu dəqiqədə İssa Nikiyemanın qolu ilə təsəlli qazansalar da, böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilmədilər.
Oyundan sonra keçirilən mətbuat konfransında Ş. Diniyev qazanılan qələbədə azarkeşlərin əvəzsiz rolunu qeyd etdi və bu oyunda komanda üzvlərinin tam olmasa da potensialını açdığını dedi. Futbolçulara güvəndiyini dilə gətirən baş məşqçi növbəti oyunlarda komandanın tam gücünü ortaya qoyacağına əminliyini bildirdi.
Azərbaycan milli yığma komandasının "Dünya Çempionatı - 2006" seçmə oyunlarında martın 26 və 30-da Polşa və İngiltərə ilə səfər qarşılaşmaları ilə əlaqədar milli çempionatda fasilə yaranıb. XXV turun oyunları isə aprelin 2-də keçiriləcək. Həmin gün "Gəncə" Qazaxa yollanacaq. Qərb derbisində "Göyəzən" - "Gəncə" qarşılaşması oynanılacaq.
Qeyd edək ki, liderlərin xal itirməsi ilə yadda qalan 24-cü turda "Gəncə" qazandığı qələbədən sonra 28 xalla 10-cu pilləyə qalxdı. Bir pillə də irəliləməyə "Karat"ın "İnter" üzərindəki 3:2 hesablı qələbəsi oldu. Çünki "Gəncə" ilə eyni xala malik olan "Karat" şəxsi yarışlarda qərb klubundan üstündür.
Duyğuların min bir rəngi
Danışmaqdan və eşitməkdən məhrum olan Vüsalə, öz duyğu və düşüncələrini çəkdiyi rəsmlərinin, rənglərin diliylə çatdırır. Gəncə şəhər "Gənc Heydərçilər" Uşaq Rəsm Qalereyasında sərgisi təşkil olunan 2 saylı internat məktəbinin IX sinif şagirdi Vüsalə Əsgərovanın 100-dən çox əl işləri nümayiş olundu. Bu, Vüsalənin ilk fərdi sərgisi idi.
"Vüsalənin bu günədək bir sıra yerli və paytaxt sərgilərində əl işləri nümayiş olunub. Lakin bir nəfər də olsun nə diplom, nə başına tumar, nə də əlinə çiçək dəstəsi verən olub" - deyən qalereyanın direktoru Təranə Namazova bu cür istedadlı gəncləri həvəsləndirməyin gərəkli olduğunu söylədi.
Bahar bayramı ərəfəsində keçirilən sərgidə Vüsalənin təbiətin gözəl mənzərələrini əks etdirən rəsmlərində yaz təravəti duyulurdu. Vüsalə sevdiyi insanlara, yaxınlarına bayramda öz təbriklərini hədiyyə etdiyi rəsmlərin diliylə çatdırır. Lakin onun əl işlərinin arasında bir qədər bədbin rənglərlə işlənmiş rəsmlərə də rast gəlinirdi. Anası Reyhanə xanım bunun onun daxili tənhalığını əks etdirdiyini bildirdi:
"Vüsalə Uşaq İncəsənət Məktəbinin rəsm bölməsini bitirib, lakin orada onun istedadını görən olmayıb. Bu gün mən hədsiz dərəcədə sevinirəm ki, qızımın arzusu çin oldu. Biz belə bir sərginin təşkil olunması üçün çox təşkilatlara müraciət etmişik. Hətta Təhsil Naziri Misir Mərdanova da məktub yazmışıq. Lakin bu yaxınlarda Təranə xanımın Lider TV-də çıxışına baxdım. Ona bu məqsədlə müraciət etdim".
"Vüsalənin əl işlərinə baxdıqdan sonra, onun çox istedadlı olduğunu gördüm. Təəssüflənirəm ki, indiyədək onun bu istedadını duyub, üzə çıxaran olmayıb" - deyən T. Namazova ona bu cür müraciətlərin çox olduğunu söylədi. Həvəskar yeniyetmə və gənclərə kömək məqsədi ilə nəinki onların əl işlərinin sərgiləndiyini, həmçinin onlara pulsuz rəsm dərslərinin keçirildiyini bildirdi. Şəmkir rayonunda yaşayan 6-cı sinif şagirdi Gülnar Bağırova da Təranə xanımın keçdiyi rəsm dərslərində iştirak edərək, təsviri sənətin sirlərinə yiyələnir. Balaca Gülnar da gələcəkdə onun əl işlərinin sərgilənəcəyini arzulayır. Çoxdan həsrətində olduğu bu gün Vüsalə ilk diplomunu, çiçək dəstəsi, hədiyyələr aldı və böyük sevgi ilə əhatə olundu.
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|