ARXIV
|
#46. 20-26 noyabr 2004
Gəncə Avtomobil zavodunun işə salınması məsələsi Gələcək fəaliyyəti hələ ki, sual altında olan Gəncə Avtomobil zavodunun (GAZ) işə salınması məsələsi yenidən gündəmə çıxarılıb
Bu dəfə zavod Rusiyanın "Oka" şirkəti investorlarının diqqətini cəlb edib. Sözügedən məlumat Gəncə şəhər İcra Hakimiyyətinin "AzTV1"ə verdiyi xəbərə istinadən yayılıb. Artıq İqtisadi İnkişaf Nazirliyi ilə şirkət rəhbərliyi arasında ilkin danışıqlar aparılıb. "Oka" şirkətinin nümayəndə heyəti GAZ-a baxış keçirmək üçün noyabr ayının sonlarında şəhərimizdə olacaq. Müəyyən razılıq əldə olunarsa, zavodda avtomobil ehtiyat hissələri istehsal olunacaq.
Qeyd edək ki, "Oka" GAZ ilə maraqlanan sayca dördüncü xarici şirkətdir. Bundan əvvəl Fransanın "Reno", (Renault) Rusiyanın "QAZel", Almaniyanın "Folksvagen" ("Volkwagen") şirkətləri də GAZ-ın birgə istifadəyə verilməsi üçün rəhbərlik səviyyəsində danışıqlar aparıb. Lakin tərəfləri qane edən razılıq əldə olunmadığından danışıqlar çox keçmədən dayandırılıb. GAZ-ın işə salınması məqsədilə Rusiyanın yeni bir şirkətinin rəhbərliyi ilə danışıqlara başlanması məsələsini dəqiqləşdirmək üçün şəhər İcra Hakimiyyətinin başçısının iqtisadi məsələlər üzrə müavini İlham Əliyevlə əlaqə saxladıq. O, faktı təsdiqləmədi:
"GAZ ilə bağlı əvvəldən o qədər danışırıq ki, sonda heç bir müsbət nəticə əldə olunmur. Belə olan halda, qabaqcadan nəsə demək çətindir. Yeni şirkətlə konkret danışıqlara gəldikdə onu qeyd edə bilərəm ki, bu sahənin kuratoruyam. Bir iş olan kimi ilk növbədə mən bilməliyəm. Amma hələ ki, belə məlumatım yoxdur. Televiziya və mətbuata da yalnız müəyyən nəticə əldə olduqdan sonra məlumat vermək olar" - deyə, əlavə etdi.
Növbəti əmək yarmarkası
Noyabr ayının 5-də Gəncədə növbəti əmək yarmarkası keçirildi. Tədbir Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyi Baş Məşğulluq İdarəsi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmışdı. Gəncə Məşğulluq Mərkəzinin direktoru Cahangir Mustafayevin verdiyi məlumata görə, bu dəfəki yarmarkaya 673 vakant yer təqdim olunub: "Yarmarkaya iş yerləri sənaye müəssisələrindən "Gəncə Şərab -2", "Gəncə Şərab -1", "Gəncə-toxucu" və s. səhmdar cəmiyyətləri, elmi müəssisələrdən Regional Elmi Mərkəz, Texnologiya Universiteti, Təhsil İdarəsi, səhiyyə müəssisələrindən A. Səhhət adına 1 saylı xəstəxana, Psixiatriya Mərkəzi, eyni zamanda ayrı-ayrı poliklinikalar tərəfindən təklif edilib. İş yerləri yuxarıda qeyd olunan müəssisələrə lazım olan tornaçı, qaynaqçı, tikiş ustası, fəhlə və s. xidmət sahələri üzrə qruplaşdırılıb. Onu deyə bilərəm ki, bugünkü tədbir nəticəsində ilkin olaraq 351 nəfərə göndəriş verildi. Qalan boş yerlər üzrə isə işçi qəbulu davam edir".
Debatçılarımız BMT-yə
məsləhət edir Bu günlərdə Gəncə Tələbə Debat Mərkəzinin (TDB) bir neçə nümayəndəsi Şəkidə keçirilən respublika forumundan qayıdıblar. Respublika TDM-nin təşkil etdiyi tədbir "Tələbələrin sülh düşərgəsi" başlığı altında keçirildi. Əsas mövzu Cənubi Qafqazda münaqişələrin həllinə həsr olunmuşdu. Respublika forumunda Gəncə və Naxçıvandan 5 nəfər, Bakıdan isə 23 nəfər gənc iştirak edirdi. Qeyd edək ki, sentyabrın 24-25 tarixində Gəncədə keçirilən təlim debat haqqında məlumatlandırma xarakteri daşıyırdı. Həmçinin bu təlimdə respublika forumunun iştirakçıları seçilirdi. Şəkinin Karvansara kompleksində təşkil edilən tədbirdə Gəncədən iştirak edən Ləman Babayeva bildirdi ki, forumda müzakirələr əsasən 3 mövzu ətrafında aparılırdı: münaqişələrin həlli, enerji layihələri və terrorizm. Bakı Tələbə Debat Düşərgəsinin təlimçilərinin apardığı tədbirdə iştirakçılar şərti olaraq 9 dövləti təmsil edirdilər. Hər dövlət 3 nəfərdən ibarət idi: Azərbaycan, Ermənistan, Böyük Britaniya, Türkiyə, Rusiya, Çin, İran və İsrail dövlətləri ilə yanaşı ATƏT və hər hansı neft şirkətinin də 1 nəfər şərti təmsilçiləri var idi. Bu 3 nəfər dövlətin müxtəlif nazirləri olmaqla sadalanan mövzular ətrafında təkliflər verirdi: "Biz öz təkliflərimizi hazır şəkildə aparmışdıq. Təklifimiz Cənubi Qafqazda sülhə nail olmaq üçün görülməli işlərlə bağlı idi. Bütün təkliflər səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilirdi".
L. Babayeva əlavə etdi ki, irəli sürülən təkliflər ümumiləşdirilərək BMT-nin müvafiq komissiyasına göndəriləcək.
Xatirə kompleksi Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısında tikilməkdə olan memorial kompleksin bəzi parametrləri haqda oxucularımıza məlumat vermək istəyirik. Şəhərin baş rəssamı Məmməd İbrahimovun verdiyi məlumata görə, meydanda qoyulacaq H. Əliyevin abidəsi 11 metr hündürlüyündə olacaq. Heykəlin pyedestalı 7 metr, özü isə 4 metr hündürlüyündə nəzərdə tutulub. Abidə bürüncdən, pyedestalı isə qırmızı kərpicdən yapılacaq. Abidənin arxa hissəsində müasir tipli iki fəvvarə quraşdırılacaq. Onların arasında isə keçid zolağı nəzərdə tutulub. Bunların hamısı qövs şəklində tikiləcək muzeyin qarşısında yaradılacaq. Muzeydə Heydər Əliyevin həyat yolunu əks etdirən materiallar sərgilənəcək. Muzey qədim Gəncə memarlıq üslubuna aid qırmızı kərpicdən, eyni zamanda gülbaxt daşından (Bakının ətraf kəndlərində hazırlanır) tikiləcək. Kompleksin ətrafı qazonla əhatə olunacaq, vətəndaşların rahatlığı üçün burada istirahət parkı da fəaliyyət göstərəcək.
Layihə Gəncə şəhərinin baş memarı Məmməd İbrahimov və baş rəssamı Şərif Şərifov tərəfindən hazırlanıb və Memarlıq İttifaqında təsdiq olunub.
Əlimizdə olan məlumata görə, kompleksin tikilməsində istifadə olunan sütunlar Gəncədəki toxuculuq kombinatının yarımçıq qalmış tikintisindən gətirilib. Bu faktın doğru olub-olamasını, həmçinin görülən işlərin hansı vəsait hesabına aparılması ilə bağlı, baş memar dəqiq məlumat vermədi.
İşlərin başa çatması isə 2005-ci il aprel ayının sonlarına gözlənilir. Açılış mərasiminin Heydər Əliyevin ad günündə keçirilməsi nəzərdə tutulub.
"BAYVA - Qərb Enerji"
deyəsən haqqın yolunu tapıb Bu gün şəhərimizin elektrik təchizatı sahəsində mühüm irəliləyişlərin olduğunu söyləmək tez olsa da, müsbət addımların atıldığını görməmək olmaz. Bunu şəhərimizin bəzi ərazilərinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə sayğac üsulunun tətbiqinə istinadən söyləmək olar. Hazırda şəhərimizin sayğac quraşdırılan ərazilərində (Gülüstan, Sadıllı, Alüminiumçular qəsəbələri) əhali 24 saat enerji ilə təmin olunur, hörümçək torunu xatırladan, plansız şəkildə çəkilmiş elektrik naqilləri ləğv edilib, yarımstansiyalar, elektrik dirəkləri qaydaya salınıb.
Gəncə Elektrik Şəbəkəsinin direktoru Mürsəl Eyvazov yerli telekanallara verdiyi müsahibəsində bildirib: "Sayğac qoyulan ərazilərdə əhali fasiləsiz işıqla təmin olunur və qənaətli istifadənin nəticəsidir ki, həmin yerlərdə enerjidən istifadə üç dəfə aşağı düşüb. Bundan əhali də razıdır. Belə ki, işığa qənaət edən abonentlərin arasında cəmi 8 min manat pul ödəyənlər də az deyil. Eyni zamanda sayğaclı abonentlərin siyahısı kompüterləşdirilib. Düzdür, abonentlərimiz arasında 70-150 min manat və daha artıq ödəyənlər də var. Ancaq onlar həmin pulu ürəklə verirlər".
Sözügedən qəsəbələrdə apardığımız söhbətlərdən məlum oldu ki, indi sakinlər də şəbəkənin işindən razıdırlar. Hətta abonentlər arasında 1 ay üçün enerji sərfiyyatının 5500 manata başa gəldiyini söyləyənlər də tapıldı.
Sadıllı qəsəbəsinin sakini Mehriban Babayevanın dedikləri: - Biz indi elektrik enerjisindən qənaətlə istifadə edirik. Mavi yanacaq normal verildiyi üçün elektrik sobalarından istifadəyə ehtiyac qalmır.
M. Eyvazovun sözlərinə görə, sayğac quraşdırılan ərazilərdə bəzi sakinlər evlərinə əlavə xətlər çəkirlər: "Məsələn, 1 saylı məktəbin direktoru Müsəddin müəllim elektrik enerjisindən qanunsuz istifadə edir. Ona dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb. Bu cür halları aşkar etmək üçün tez-tez reydlər keçiririk. Elektrik enerjisindən qanunsuz istifadə edən abonentlər cərimə edilir. Bu qayda, işıq pulu yığanların da işini asanlaşdırır".
"Bayva"nın müfəttişlər arasında keçirdiyi sorğunun nəticələrindən belə məlum olur ki, indi onlar haqlı-haqsız abonentlərlə mübahisə etmir, istifadə edilən elektrik enerjisinin haqqını toplamaqda çətinlik çəkmirlər.
Bəs sayğaclar quraşdırılmamış ərazilərdə vəziyyət necədir? İndi şəhərimizin bir çox hissəsinə 6 saat gecə, 6 saat gündüz olmaqla verilən enerji 12 saata güclə çatır. Bundan başqa hətta elə abonentlər vardır ki, onların mənzillərində sayğaclar quraşdırılmasına baxmayaraq, hələ də enerji sarıdan əziyyət çəkirlər. Bu suallara cavab tapmaq məqsədi ilə "Bayva Qərb Enerji" MMC-yə üz tutduq. Müsahibimiz idarənin mətbuat xidmətinin katibi Rafiq Abbasovun dedikləri: "Bu mövzuya bir daha qayıdaraq bildirmək istəyirəm ki, minlərlə abonentdən cəmi 20 faiz enerji haqqı toplaya bilirik. Təbii ki, verdiyimiz enerjinin miqdarı da bu rəqəmdən artıq olmayacaq. Qaldı ki, mənzilinə sayğac quraşdırılan abonentlərin şikayətlərinə, bir xətt üzrə həm müəssisə, təşkilat, əhali qrupu və s. yerləşir. Bizim maddi-texniki bazamız o dərəcədə yüksək deyil ki, onlara fərdi qaydada yanaşaq. Hamısı Sovet dövründən qalma avadanlıqlar, xətlərdir. Onları yeniləmək böyük vəsait tələb edir. Bu gün istifadəçilərin 80 faizdən çoxunu əhali qrupu təşkil edir. Bir kilovatt saat enerji əhaliyə çox cüzi qiymətə - 96 manata satılır. Hesablamalarımıza görə ay ərzində onlar 30-40 min manat həcmində enerji istifadə edirlər. Lakin əhalidən bu qiymətin yarı hissəsini belə toplamaq asan başa gəlmir". Rafiq Abbasov onu da qeyd edir ki, yeganə çıxış yolu tamamilə sayğac sisteminə keçməkdir. ""Bayva Qərb Enerji"nin əhatə dairəsində 413 min istifadəçi var. Bunun da 61 mindən çoxu Gəncə şəhərinin payına düşür. Bu il ərzində təqribən 10-12 min abonentin ünvanında sayğac quraşdırılıb. İlin sonuna qədər daha 3-4 min həcmində artım olacaq. Bunun üçün kifayət qədər sayğac və texniki heyət var. Sadəcə olaraq vaxta ehtiyacımız var. Bu prosesi 2006-cı ilə qədər başa çatdırmağa çalışacağıq.
Əhali şüurlu şəkildə elektrik enerjisinə qənaət məsələsinə xüsusi önəm verməlidir. Biz də qənaət olunmuş enerjini digər təminat məqsədləri üçün sərf edə biləcəyik. Hətta bunun üçün reklam şüarları hazırlamışıq. Təbii ki, "Bayva" əhaliyə iri həcmdə enerji satmaqda maraqlıdır. Lakin bunun müqabilində ödənişləri toplaya bilməməyimiz problemin daha da dərinləşməsinə şərait yaradır".
Ə
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|