ARXIV
|
#08. 19-42 may 2004
MALİYYƏ NAZİRİ GƏNCƏDƏ
Mayın 6-da Gəncə şəhərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin növbəti zona müşavirəsi keçirildi. Müşavirə "2003-cü il dövlət büdcəsinin icrası, cari ilin birinci rübündə dövlət büdcəsinin vəziyyəti və növbəti ilin büdcə proqnozu ilə bağlı qarşıda duran vəzifələr"in müzakirəsinə həsr olunmuşdur. Müşavirədə Gəncə və 11 rayonun (Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Gədəbəy, Xanlar, Kəlbəcər, Tovuz, Samux və Şəmkir) İcra Hakimiyyəti, maliyyə orqanları və büdcə təşkilatlarının rəhbərləri iştirak edirdi.
Müşavirəni giriş sözü ilə açan Maliyyə naziri Əvəz Ələkbərov respublika iqtisadiyyatının hazırkı vəziyyəti və zona müşavirəsinin məqsədi barədə iştirakçılara məlumat verdi. O, bəzi hallarda büdcə vəsaitlərinin səmərəli və təyinatına uyğun istifadə edilmədiyini, uçot-hesabat işlərində çatışmazlıqların və bu kimi nöqsanların olduğunu qeyd etdi. Onun sözlərinə görə, əgər məsul şəxslər öz vəzifələrini düzgün icra etsələr, bu cür problemlər də az olar. Daha sonra Baş Büdcə İdarəsinin rəisi Fazil Fərəcov müşavirədə təmsil olunan rayonların büdcə təşkilatları, maliyyə və idarəetmə orqanlarının işində yol verdikləri bir sıra nöqsan və əyrintilərdən söhbət açdı. O, bildirdi ki, bir çox rayonlarda abadlıq və bu kimi işlərin görülməsinə sərf olunan xərclər qəsdən şişirdilir. Bu gün dövlət dotasiyası hesabına baş girləyən bələdiyyələrin büdcə bölgüsündə də ciddi nöqsanlara yol verildiyini qeyd etdi. F. Fərəcov, həmçinin rayonlarda vergi yığımının çox zəif olduğunu bildirdi və əlavə etdi ki, bu yığımın artırılmasında yerli maliyyə orqanları və idarələri maraqlı olmalıdırlar. Onlar öz təkliflərini nazirliyə təqdim etməlidirlər. Yerli Büdcə Proqnozu İdarələrində kadr ehtiyatlarının yaradılmasına səy göstərilmədiyini deyən rəis, əksər məsul işlərə biliksiz və təcrübəsiz şəxslərin götürüldüyünü vurğuladı.
Daha sonra müşavirədə yuxarıda qeyd olunan bir neçə rayonların Təhsil, Mədəniyyət, Səhiyyə, Maliyyə, İdman və Turizm İdarələrinin rəisləri Gəncə, Ağstafa rayon icra başçıları və Xanlar rayon icra başçısının müavini çıxış etdi. Onlar rayonda görülən işlərdən və mövcud çətinliklərdən danışdılar. Tovuz rayon Təhsil İdarəsinin rəisi Şamil Əliyevin çıxışından məlum oldu ki, rayonda 17 məktəb qəza vəziyyətində olmasına baxmayaraq, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında üç məktəbin təmiri nəzərdə tutulub. Ə. Ələkbərov daha bir neçə məktəbin təmirinin mümkünlüyünü istisna etmədi və bildirdi ki, bunun üçün rayon Təhsil İdarəsi Maliyyə Nazirliyinə öz təklifləri ilə müraciət edə bilər. Ş. Əliyev, həmçinin rayon məktəblərində parta və digər inventarların çatışmadığını dedi. Ə. Ələkbərov isə, yaxın üç il ərzində respublikanın bütün məktəblərinin kompüter avadanlıqları ilə təmin olunacağını bildirdi. Şəmkir rayon Mədəniyyət İdarəsinin rəisi Hidayət Məmmədov qiymətli eksponatların saxlandığı Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirə ehtiyacı olduğunu dedi və Maliyyə Nazirliyindən bunun üçün vəsait ayırmağı xahiş etdi. Ə. Ələkbərov bu məsələyə baxılacağını vəd etdi.
Müşavirədə Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da çıxış etdi. "Gəncədə bəzi idarələrdə maliyyə pozuntularına yol verilir və bəzən bu pozuntular cinayət xarakteri daşıyır", - deyən başçı, bu cür neqativ hallara qarşı ciddi mübarizə aparıldığını bildirdi.
Sonda Ə. Ələkbərov "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən orta müddətli büdcə proqnozunun hazırlanmasında, büdcə prosesinin şəffaflığının artırılmasında, ictimaiyyətin bu işlərə fəal cəlb edilməsində büdcə təşkilatları ilə maliyyə orqanları qarşılıqlı əməkdaşlıq etməyi zəruri hesab etdiyini dedi. Nazir aidiyyəti təşkilatlara yeni gəlir mənbələri aşkar edilməsi, lüzumsuz xərclərə yol verilməməsi, xərclərin ünvanlılığını artırılması ilə bağlı tapşırıqlar verdi.
|
|
İŞIQLAR HƏLƏ SÖNDÜRÜLƏCƏK
Hələ ötən ay şəhərimizdə elektrik enerjisinin verilməsinə qoyulan məhdudiyyətlərin götürüləcəyi gözlənilirdi. Bu haqda Gəncə şəhər Elektrik Şəbəkəsinin rəisi Asəf İsmayılov yerli televiziya kanalları vasitəsi ilə də bildirmişdi. Lakin deyilən sözun üstündən bir ay ötsə də, məhdudiyyət qrafiki götürülmək əvəzinə daha da uzadıldı. May ayının gəlişi ilə də bu qrafikdə müsbət dəyişiklik hiss olunmur.
Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər Elektrik Şəbəkəsinin rəisi Asəf İsmayılova müraciət etdik. O, hazırda məhdudiyyətin 3 saat qısaldığını, işıqların gündüzlər saat 14-dən 17-ə kimi, gecələr isə saat 24-dən yox, saat 01-dən söndürüldüyünü bildirdi. O ki qaldı məhdudiyyətlərin nə vaxt götürüləcəyi sualına, müsahibimiz yalnız havalar istiləşəcəyi təqdirdə bunun mümkün olacağını bildirdi. Onun sözlərinə görə, hazırkı enerji sərfiyyatı qış aylarındakından fərqlənmir. Havalar hələ ki, soyuq keçdiyindən əhali enerjidən çox istifadə edir. Yalnız yay limitinə yaxınlaşdıqda, sərfiyyat azaldıqdan sonra, məhdudiyyətlər də azaldılacaq.
Bu da belə. İşığının fasiləsiz yanacağına camaatda olan son ümid işartısını da Gəncənin zülmət qrafikini cızanlar beləcə söndürməkdədirlər. Adamlara isə bircə o qalır ki, buna da şükür etsinlər. Şükür etsinlər ki, bu məhdudiyyət qrafiki zülmü altında nə yaxşı Rusiyanın şimal ucqarlarında yaşamırlar. Yoxsa… Amma orası da maraqlıdır ki, görəsən gəncəlilərə edilən işıqsızlıq zülmü soyuq iqlimli Rusiya əhalisinə edilsəydi, Putin də öz prezident imicinə xələl yetirilməsinə bu qədər göz yumardımı?
|
|
SINAQ İMTAHANI KEÇİRİLİB
Mayın 2-də Azərbaycan Texnologiya Universitetinin III tədris korpusunda abituriyentlər üçün sınaq imtahanı keçirilib. İmtahanların həyata keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinin sədri Məntiq Cəfərovdan aldığımız məlumata görə, imtahanda ümumilikdə 2000-dək (Azərbaycan bölməsi üzrə 1600 və rus bölməsi üzrə 400 nəfər) abituriyent iştirak edib. Müqayisə üçün bildirək ki, Bakı şəhərində hər həftənin bazar günləri keçirilən imtahanlar Gəncədə 5-6 həftədən bir təşkil olunur. Bütün ixtisas qruplarını əhatə edən sınaq imtahanının üstünlüyü ondadır ki, ali məktəbə qəbul olmaq həvəsində olan gənc nəyə qadir olduğunu özü üçün müəyyən edir. |
|
ABŞ-da TƏHSİL
ALMA ŞANSI
Xarici ölkələrdə azərbaycanlı mütəxəssislərin hazırlığı müasir təhsilimizin inkişafı, onun beynəlxalq səviyyəyə çatması üçün əsas faktorlardan biri hesab olunur. Bunu nəzərə alan BP neft şirkəti Xəzər Universiteti ilə birlikdə "Xaricdə mütəxəssis hazırlığı" adlı beşillik layihə hazırlayıb. Məqsəd Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarından olan orta məktəblərdən seçilmiş şəxslərin ABŞ-ın qabaqcıl universitetlərində təhsil almasını təşkil etməkdir. Bu məqsədlə mayın 2-də, 17 saylı məktəbdə Gəncə və ətraf rayonların (Samux və Xanlar) 11-ci sinif şagirdlərinin olimpiadası keçirildi. Müsabiqənin təşkilatçılarından biri Açıq Cəmiyyət İnstitutu idarə heyətinin üzvÜ Nadir İbadovun dediklərindən:
"Olimpiadaya 110 nəfər qatılmışdı. Təqdim olunan suallar riyaziyyat (5 sual - 3 misal, 2 məsələ), fizika (5 sual - hamısı məsələ) və kimya (20 test sualı) fənləri üzrə orta məktəb dərsliklərinə istinadən hazırlanmışdı. Nəticələr mayın 6-7 tarixlərində elan ediləcək".
Müsahibimizin sözlərinə görə, müsabiqədən keçmiş abituriyentlər əvvəlcə 2 il müddətinə "Xəzər" Universitetində (xarici dil və kompüter biliklərinə yiyələnəcəklər) Neft və qaz yataqlarının işlənməsi ixtisasında oxuyacaq. Sonra isə 3 il müddətinə ABŞ universitetlərində müvafiq təhsillərini davam etdirəcəklər. Təhsillərini başa vurduqdan sonra tam hazırlıqlı mütəxəssislər kimi BP neft şirkəti tərəfindən onların arzuları əsasında dünyanın istənilən ölkələrində işlə təmin oluna biləcəklər. Tələbələrin təhsil haqları, yataqxana təminatı, bütün kənar xərcləri, o cümlədən 1000-1200 dollar aylıq təqaüdləri Xəzər Universiteti və BP neft şirkəti hesabına ödənilir.
Qeyd edək ki, olimpiada eyni tarixdə Gəncədən başqa Bakı, Sumqayıt və Lənkəran şəhərlərində də keçirilib. |
|
İDMAN:TAEKVANDO,ŞAHMAT, FUTBOL, BODİBİLDİNQ
TAEKVANDO
Gəncə Olimpiya İdman kompleksində yeniyetmələr arasında taekvando üzrə şəhər birinciliyi başa çatdı. Tatami üzərinə 70-ə yaxın idmançı çıxmışdı. Gərgin mübarizədən sonra öz çəki dərəcəsində Gəncə çempionu adına Röyal Ələşov (Olimpiya İdman kompleksi), İnam Həsənov (Dinamo), Şükür Vəliyev (1 saylı litsey), Fariz Əliyev (Dinamo), Zülfiqar Qasımov (Dinamo), Səbuhi Əliyev (Dinamo), Rəşid Quliyev (Dinamo) və Şahin Həsənov (Təhsil) layiq görülüblər.
Qaliblər diplomlarla təltif olunub.
ŞAHMAT
Mərhum prezident H. Əliyevin xatirəsinə həsr olunmuş əmsallı şəhər şahmat turniri strat götürüb. Yarış iki mərhələdən ibarətdir. Birinci mərhələdə 20 şahmatçı iki qrupda finala vəsiqə uğrunda mübarizə aparırdı.
Dairəvi sistem üzrə keçirilən yarışda birinci qrupdan finala Dəyanət Kazımov, Anar Məmmədov, Bəxtiyar Rəsulov, Nicat Zeynalov və Vasif Aslanov, ikinci qrupdan isə Nadir Quliyev, Kamil Kazımov, Oqtay Abbasov, Emil Abdullayev, Fərid Hüseynov vəsiqə almışlar.
Final yarışları mayın 10-da başlayacaq.
FUTBOL
Mayın 5-də futbol üzrə Azərbaycan çempionatı (yüksək liqa) başa çatdı. Çempionatın axırıncı turunda Gəncənin "Kəpəz" komandası Sumqayıtda yerli "Xəzər" futbolçuları ilə görüşmüşdür. Bu oyunda gəncəlilər 3: 0 hesabı ilə qalib gələrək, çempionatı 11-ci yerdə başa vurdu.
Bununla da "Kəpəz" yüksək liqada oynamaq haqqını qoruyub saxlaya bildi.
Gəncə Dövlət Dram Teatrının binasında bodibildinq üzrə növbəti şəhər çempionatı başa çatdı. Yarışda üç idman təşkilatının səkkiz idmançısı qatılmışdı.
BODIBILDINQ
Qaliblər üç çəkidə müəyyən olundu. Maraqlı mübarizədən sonra 80 kq-a qədər çəkidə dinamoçu Sərxan Əliyev ilk dəfə şəhər çempionu olub. 80 kq-dan yuxarı isə "Məhsul" İdman Cəmiyyətinin üzvü Renat Əliyev fərqləndi. Sərxan mütləq çəki dərəcəsində də qalib gəldi. |
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|