HƏFTƏLİK XƏBƏRLƏR "GƏNCƏBASAR" müstəqil qəzeti tərəfindən təqdim olunub.
 
ARXIV
#04. 24-30 yan 2004
#05. 31-06 fev 2004
#06. 07-13 fev 2004
#07. 14-20 fev 2004
#08. 21-27 fev 2004
#09. 28-05 mart 2004
#12. 20-26 mart 2004
#13. 27-02 apr 2004
#14. 03-09 apr 2004
#15. 10-16 apr 2004
#16. 17-23 apr 2004
#17. 24-30 apr 2004
#18. 01-07 may 2004
#19. 08-14 may 2004
#20. 15-21 may 2004
#22. 29-04 iyun 2004
#23. 05-11 iyun 2004
#24. 12-18 iyun 2004
#25. 19-25 iyun 2004
#26. 26-02 iyul 2004
#27. 03-09 iyul 2004
#28. 10-16 iyul 2004
#29. 17-23 iyul 2004
#30. 24-30 iyul 2004
#31. 31-06 avq 2004
#32. 07-13 avq 2004
#33. 14-20 avq 2004
#34. 21-28 avq 2004
#35. 29-03 sen 2004
#36. 04-10 sen 2004
#37. 11-18 sen 2004
#38. 19-24 sen 2004
#39. 25-01 okt 2004
#40. 02-08 okt 2004
#42. 16-22 okt 2004
#43. 23-29 okt 2004
#45. 06-12 noy 2004
#46. 20-26 noy 2004
#47. 27-04 dek 2004
#48. 05-11 dek 2004
#49. 12-17 dek 2004
#50. 18-24 dek 2004
#51. 25-31 dek 2004
#01. 01-07 yan 2005
#04. 05-11 fev 2005
#05. 19-25 fev 2005
#06. 05-11 mart 2005
#07. 12-18 mart 2005
#08. 19-25 mart 2005
#09. 26-01 apr 2005
#10. 02-08 apr 2005
#13. 26-02 may 2005
#14. 03-09 may 2005
#15. 10-16 may 2005
#16. 17-23 may 2005
#18. 31-06 iyun 2005

#33. 14 -20 avqust 2004

ŞƏHƏRİMİZİN ÇOXMƏRTƏBƏLİ BİNALARI ARTACAQ

Son zamanlar Gəncədə aparılan tikinti-abadlıq işləri içərisində çoxmərtəbəli binaların inşası mühüm yer tutur. Köhnə tikililərin dağıdılıb yerində ucaldılacaq binalar bir növ şəhərin əvvəlki görkəminin dəyişdirilməsinə, gözəlləşməsi və müasirləşməsinə xidmət edir. Demək olar ki, hündür yaşayış obyektlərinin qərar tutacağı yerlər də müəyyənləşdirilib. Ş. İ. Xətai prospektindəki "Gəncə" mehmanxanasının yanı, Atatürk prospektindəki "Gəncə" SKB-nın qarşısı, Mərkəzi bazarın yeri, Kəpəz rayon İcra hakimiyyəti binasının yanındakı ərazi hələ ki, plana düşmüş ilkin yerlərdir. Artıq Atatürk prospekti ilə Miçurin küçəsi arasında yerləşən (Gəncə Xalça kombinatı ilə üzbəüz) ərazidə tikinti işlərinə başlanılıb. Burada yaşayış və inzibati binalar kompleksinin salınması nəzərdə tutulub. İşlər Bakının "FRY İnşaatçı" şirkəti tərəfindən həyata keçirilir. Şirkətin yerli icraçısı Qəşəm Əmiraslanovdan aldığımız məlumata görə, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda hazırlanmış layihə əsasında müasir üslubda inşa edilən ilk 9 mərtəbəli bina tamamlanmaq üzrədir: "2 hektar ərazidə salınacaq kompleksdə 8 ədəd belə binanın, həmçinin örtülü üzgüçülük hovuzu, müasir idman kompleksi, biznes mərkəzi və mərasim zalının tikilməsi planlaşdırılıb. Birinci mərtəbə ticarət obyekti kimi istifadəyə veriləcək. Ötən ilin dekabr ayında başladığımız işə 2005-ci ilin sonunda yekun vurulacaq". Son illər tikinti materiallarının qiymətində müşahidə olunan artım istər Bakı, İstərsə də Gəncədə yaşayış evlərinin kəskin bahalanmasına səbəb olub. Buna baxmayaraq əhali yeni binalarda mənzil almaqda maraqlıdır. Q. Əmiraslanov qeyd olunan məsələ ilə əlaqədar olaraq bildirdi ki, binanın tikintisi tamamlanmasa da artıq onun 11 sifarişçisi var. Mənzillərin satış qiymətinə gəldikdə müsahibimiz "hələ müəyyənləşməyib", deyə konkret bir rəqəm söyləmədi. Amma sifarişçilərdən bu haqda bəzi məlumatları öyrənə bildik. Onların dediyinə görə, istifadəyə veriləcək yeni binalarda mənzilin 1 kvadrat metri 200 ABŞ dollarıdır. Bu halda 2 otaqlı mənzillərin qiyməti təxminən 14 min 600 3 otaqlı 20 min 800; 4 otaqlı isə 27 min ABŞ dollarına bərabər olur. Bakıda ucaldılmış göydələnlərin ərazilərinin gələcəkdə sürüşmə ehtimalının olması əhali tərəfindən həyəcanla qarşılanır. Gəncənin də təbii fəlakətlərə, əsasən zəlzələyə həssas olduğunu nəzərə alsaq, onda hündür binaların ilk növbədə möhkəmliyi məsələsi ortaya çıxır. Bu məqsədlə Gəncə şəhər Memarlıq və Tikinti Şöbəsinin müdirinə ünvanladığımız sualı Gəncənin baş memarı Məmməd İbrahimov belə cavablandırdı: "Təbii ki, hər bir binanın layihəsi tərtib olunarkən onun zəlzələyə davamlılığı nəzərə alınır. Bir faktı qeyd edim ki, şəhərimizdə ucaldılan binanın tikiliş üslubu Bakıdakılardan tam fərqlidir. Adətən 9 mərtəbəli binalar lentvari bünövrə əsasında tikilir. Məhz təhlükəsizlik tədbiri kimi, binanın özülünü kifayət qədər torpağın alt səthində yerləşdirməklə 60 tonluq 1 metr qalınlığında sementdən hazırlanıb. Bu isə Rixter cədvəli üzrə 8 ballıq zəlzələyə davamlılıq deməkdir". M. İbrahimov onu da əlavə etdi ki, "FRY İnşaatçı" şirkəti əraziləri dövlətdən icarə əsasında alır: "Plana düşmüş yaşayış evlərinin sahiblərinə şirkət kompensasiya ödəyəcək" - deyə, şəhərin baş memarı söhbətə aydınlıq gətirdi.

YENI GƏNCƏNİN SOCİAL PROBLEMLƏRİ OLMAYACAQ

Yeni Gəncə yaşayış massivində aparılan abadlıq işlərinin başa çatması ilə əlaqədar avqustun 10-da qəsəbə sakinləri ilə icra hakimiyyəti işçilərinin birgə görüşü oldu. Tədbiri giriş sözü ilə Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev açaraq, son illərdə qəsəbədə görülən işlərdən danışdı. O, qeyd etdi ki, qəsəbəətrafı yollar təmir olunub, 5 idman meydançası salınıb, istirahət guşəsi yaradılaraq qəsəbə sakinlərinin ixtiyarına verilmişdir. P. Paşayev qəsəbə sakinlərini "açıq mikrafona" dəvət etdi. Sonra söz şəhər icra başçısı Eldar Əzizova verildi: "Şəhərimizdə görülən işlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq bir müddət sonra şəhərimizin mərkəzində yol problemi həll olunacaq. Bunun üçün 7 milyard manat vəsait istədiyimiz halda büdcədən 15 milyard vəsait ayrılıb. Şəhərimizin 15 faiz hissəsinə ağ su verilir. Yeni layihənin nəticəsi olaraq yaxın vaxtlarda bu rəqəm 100 faizə çatacaq". İcra başçısının çıxışından sonra açıq mikrafon sakinlərin ixtiyarına verildi. Yeni gəncəlilər qəsəbədə yaradılan səliqə-səhmana görə icra başçısına bol-bol minətdarlıq etdilər. Qeyd edək ki, sakinlərin əsas şikayətləri ənənəvi olaraq qaz, işıq və su ilə bağlı idi. Sakinlərin qazla əlaqəli şikayətinə cavab olaraq həmin idarənin rəhbəri qəsəbədə qaz probleminin olmadığını, olan yerlərdə isə 15 günə problemin aradan qalxacağını dedi. İşığa gəldikdə isə sakinlərin iradına "BAYVA"nın nümayəndəsi artıq əzbərlədikləri məşhur ifadəni söylədi: "Gəncədə 58700 işıq abunəçisi var, bunun da 37 mini haqq ödəyir". İcra başçısı söhbətə müdaxilə edərək qeyd etdi ki, artıq qışa hazırlıq prosesi başlanıb və Yeni Gəncə qəsəbəsinin enerjisi problemi də yaxın vaxtlarda yüksək səviyyədə həll olunacaq. Sudan korluq çəkən bir çox qəsəbə əhlinin suallarına Su İdarəsinin rəhbərliyi açıqlama verərək yaşayış massivinə üç artezian quyusunun xidmət etdiyini, bunun müqabilində də saatda 180 kub. metr su əldə olunduğunu qeyd etdi. E. Əzizov isə öz növbəsində qəsəbəyə 2004-2008-ci illər ərzində Zurnabad istiqamətindən ağ su çəkiləcəyini, bunun üçün 50 milyon dollar vəsait ayrılacağını bildirdi. Sakinlər liftlərlə bağlı çətinliklər olduğunu da söylədilər. Cavabdehlər isə İcra başçısına qəsəbədə yaxın günlərdə bu problemin olmayacağına söz verdilər. Görüşdə bir çox problemlər səsləndi və həlli yolları müzakirə olundu. E. Əzizov eyni zamanda yaxın vaxtlarda Cavad xan məqbərəsinin tikiləcəyindən, Comərd Qəssabın məzarının abadlaşacağından danışdı. Natiq payıza doğru Gəncədə xarici iş adamlarının iştirakı ilə biznes-konqres keçiriləcəyini və bunun da mühüm nəticələrə səbəb olacağını vurğuladı.

XAN BAĞI ƏSL XAN GUŞƏSİNƏ ÇEVRİLİR

Şəhərimizin Xan Bağının "sakinləri" günbəgün artır. Böyüklü-kiçikli əksər şəhər sakininin dincəlmək üçün seçdiyi bu dilbər guşəyə şəhər rəhbərliyinin təşəbbüsü ilə dörd ceyran və bir cüt tovuz quşu gətirilib. Qeyd edək ki, sonuncu dəfə, qışda bağdakı hovuza qu quşları buraxılmışdı. Ceyranlar üçün isə bağın bir hissəsində çəpərlənmiş yer ayrılıb. Bağa gələn hər kəs ceyranların tamaşasına dura və hətta onları yemləyə bilər. Xatirə üçün şəkil çəkdirmək də mümkündür. Artıq bağın zərif sakinləri onun görkəmini tamamilə dəyişib. Bir növ qoruğu xatırladan Xan Bağına gətirilən ceyrancığazlar da tez bir zamanda öz yeni ünvanlarına öyrəşib. Kənardan baxarkən adama elə gəlir ki, onlarla bağ arasında bir bağlılıq mövcuddur. Bağın gözəlliyini zənginləşdirən bu ansambldan daha çox zövq alanlar isə bura istirahətə gələnlərdir. Xüsusən də yeni sakinlər olan ceyranların başına toplaşanlar çoxdur. Şəhərimizin park və xiyabanlarına qulluq göstərən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyev ceyranların yemlənməsi və nəzarəti üçün bir nəfər işçinin ayrıldığını bildirdi. Bağın günün 24 saatını mühafizə olunduğunu deyən A. Əliyev, heyvanların oğurlanması təhlükəsinə heç bir əsasın olmadığını deyir. Heyvanların yemlənməyinə gəlincə isə onlara xüsusi yem alındığını bildirdi. Ceyranları isə Birliyin Yaşıllaşdırma təsərrüfatı yemlə təmin edir. Belə ki, şəhərdə abadlaşdırma məqsədi ilə budama işləri aparılan zaman, yaşıl budaqlar ceyranlarımız üçün toplanır. Müsahibimiz ceyranların əhliləşdirilmiş, həyətdə bəslənən olduğunu və şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ətraf rayonların fermerləri tərəfindən hədiyyə verildiyini dedi. Bundan sonra da Xan Bağına heyvanların gətirilməsi prosesinin davam etdiriləcəyinə gəlincə isə müsahibimiz, artıq bunun üçün bağda şəraitin olmadığını bildirdi. Lakin A. Əliyev gələcəkdə H. Əliyev parkında analoji prosesə başlamanın planlaşdırıldığını dedi.

İRAN PREZİDENTİNİN GƏNCƏYƏ SƏFƏRİ

Avqustun 7-də, ölkəmizə üç günlük rəsmi səfərinin sonunda İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi Gəncədə oldu. Gəncə Hava Limanında ali qonağı və onu müşayiət edən heyəti Eldar Əzizov başda olmaqla şəhər İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri qarşıladılar. Sonra qonaqlar və onları qarşılayanların maşın karvanı böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə yollandı. İran prezidenti adından məqbərənin önünə əklil qoyulduqdan sonra Məhəmməd Xatəmi dahi şairin qəbrini ziyarət edərək onun ruhuna dua oxudu. Qonaqlar məqbərə kompleksinin Nizami əsərlərinin motivləri üzrə yaradılmış heykəltəraşlıq ansamblını da maraqla seyr etdilər. Sonra Məhəmməd Xatəmi məqbərinin ziyarətçiləri üçün xatirə dəftərinə aşağıdakı sözləri yazdı: "Nizami Gəncəvi fars ədəbiyyatının zirvəsidir, İranın və İslamın keçmiş dövrlərinin hikmətli şairlərindəndir. Parlayan bir Ay kimi o, həmişə ucada dayanır. Biz şadıq ki, Gəncəyə gəlib onun qəbrini ziyarət edə bildik". Nizami məqbərəsindən ayrılarkən hörmətli qonağa şəhər ziyalıları adından hədiyyə - milli naxışlarla bəzədilmiş çini kuzə təqdim edildi. Sonra İran prezidenti və onu müşayiət edən heyət Gəncənin mərkəzində yerləşən, 1606-cı ildə Şah Abbas tərəfindən inşa etdirilmiş və onun adını daşıyan məsciddə oldular. Burada şəhərin və məscidin din xadimləri Şah Abbas camesinin tarixi, eləcə də Gəncənin dini ənənələri haqda qonağa ətraflı məlumat verdilər. Məhəmməd Xatəmi məscidə toplaşmış dindarlarla, xüsusən də gənclərlə söhbətləşdi. "İslam aləminin gələcəyi siz gənclərsiniz. Odur ki, ölkənizin və İslam dünyasının qüdrətini artırmaq üçün oxumalı, elm öyrənməlisiniz" - deyə, onlara xitab edən M. Xatəmi Gəncə şəhəri haqda da fikirlərini bildirdi: "Siz fəxr etməlisiniz ki, belə gözəl və qədim şəhərdə yaşayırsınız. Gəncə yalnız Azərbaycanın deyil, bəlkə bütün İslam ümmətinin əhəmiyyətli tarixi və mədəni məkanlarındandır. Şükürlər olsun, bu şəhərdə olmaq arzum həyata keçdi. Təəssüf edirəm ki, vaxtımın azlığından Gəncə camaatı ilə görüşüb geniş söhbət edə bilmədim. Bununla belə bütün gəncəlilərə mənim salam və ehtiramımı çatdırmağınızı rica edirəm". Dindarların xahişi ilə prezident Xatəmi və İran nümayəndə heyətinin üzvləri onlarla birgə Şah Abbas məsçidində namaz qıldılar. Qeyd edək ki, Gəncə səfəri müddətində İran prezidentinin mətbuat üzrə məsulları jurnalistlərə tez-tez "Seyid Ağa heç bir bəyanat verməyəcək", deyə xəbərdarlıq edirdilər. Namazdan sonra Məhəmməd Xatəmi Gəncə Hava Limanına yollandı. Beləliklə, təxminən 2 saatlıq Gəncə ziyarətindən sonra İran prezidenti Tehrana yola düşdü.

AFİNAYA GƏNCƏDƏN BİR İDMANÇI GETDİ

Avqustun 13-dən 29-dək Yunanıstanda keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın şərəfini 38 idmançıdan ibarət yığmamız qoruyacaq. Komandamızın tərkibində 1 nəfər Gəncə idmançısı da var. Cüdo üzrə yarışlarda 100 kq çəki dərəcəsində mübarizə aparacaq Mövlud Mirəliyev şəhərimizin "Dinamo" idman cəmiyyətinin yetirməsidir. Əməkdar məşqçi Ziyabil Abbasovun tələbəsi olan M. Mirəliyev Afinaya vəsiqəni 175 lisenziya xalı toplayaraq qazanıb. Cüdo üzrə yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi ilə olimpiadaya hazırlaşan bu polis leytenantı beynəlxalq dərəcəli idman ustasıdır. Gəncə şəhər Gənclər, İdman və Turizm İdarəsinin rəisi Cumalik Rəhimovun dediklərindən: " Mövlud Mirəliyev sambo üzrə iki dəfə dünya və Avropa çempionudur. Bu il isə cüdo üzrə dünya üçüncüsü oldu. Bizdən olimpiadaya 40 il öncə idmançı getmişdi. 1964-cü ildə Tokioda keçirilən XVIII olimpiya oyunlarında şəhərimizdən Adil İbrahimov üçüncü yeri tutmuşdu. Mövludun da Afinadan qələbə ilə qayıdacağına inanırıq". Biz isə bütün Azərbaycan idmançılarına qədim Ellada məkanı olan Yunanıstandan uğurlarla qayıtmağı arzulayırıq!

"KƏPƏZ"Ə LEGİONERLƏR DƏVƏT OLUNACAQ

Xlll milli futbol çempionatının Gəncədə avqustun 11-də ilk oyunu oldu. Bu münasibətlə yüksək liqanın II turu çərçivəsində keçirilən "Kəpəz" - "Turan" qarşılaşmasından öncə çıxış edən Gəncə şəhər Gənclər, İdman və Turizm İdarəsinin rəhbəri Cumalik Rəhimov İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun salamlarını çatdırdı və onun təşəbbüsü ilə "Kəpəz"ə yeni prezident təyin olunduğunu bildirdi. Sonra hər iki komandanın kapitanları Azərbaycan Respublikası Dövlət Himninin sədaları altında Dövlət Bayrağını ucaltdılar. Zöhrab Qədiyevin idarə etdiyi oyuna mərkəzdən qonaqlar başladı. "Kəpəz" ilk dəqiqələrdən üstünlüyə yiyələnsə də, qonaqlar da aktiv idilər. "Kəpəz" oyunun 15-ci dəqiqəsində hesabı aça bilərdi. Rövşən Süleymanovun güclü zərbəsini qapıçı çətinliklə də olsa dəf etdi. "Turan" təhlükəyə 19-cu dəqiqədə qolla cavab verdi. Romal Hüseynovun başla qapının uzaq küncünə vurduğu top hesabı 0:1 etdi. Qoldan dərhal sonra "Kəpəz"də Ceyhun Tanrıverdiyevin əvəzinə meydançaya İlqar Hüseynov daxil oldu. Lakin 26-cı dəqiqədə hesab 0:2 oldu. Künc zərbəsindən qaldırılan topa ən tez Tovuz futbolçusu yetişdi. "Kəpəz"in isə bütün cəhdləri nəticəsiz qalırdı. 40-cı dəqiqədə cərimə meydançasında qapıçı Zeynal Xəyalov qaydanı pozdu və "Kəpəz"in qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini "Turan"ın 21 nömrəli futbolçusu Nadir Nəbiyev qola çevirdi. Birinci hissə 0:3 hesabı ilə sona çatdı. II hissədə hər iki komandanın səylərinə və "Kəpəz"in bir az üstün olmasına baxmayaraq, hesab dəyişmədi. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev: "Biz bunu gözləyirdik. 6 günə yığılmış komandadan nə isə gözləmək absurddur. Sizin qəzet vasitəsi ilə deyirəm ki, futbolçular evdəki məğlubiyyətə görə utanmasınlar. Onları bu vəziyyətə salanlar utanmalıdırlar. Uşaqlardan narazılığım yoxdur. Yeganə hücumçumuz Fərid Məmmədovun 16-17 yaşı var. Bu bizim ilk məğlubiyyətimiz deyil. Bu oyunu udsaydıq, yalnız təsadüf olardı. Komanda yerli futbolçulardan ibarətdir və fiziki cəhətdən zəifdirlər. İki oyundan sonra komandaya legionerləri cəlb etmək fikrindəyik. Minimum məqsədimiz yüksək liqada qalmaq, maksimum isə ilk onluğa düşməkdir. Uduzmağımıza baxmayaraq məsuliyyətdən qaçmıram. Gəncənin futbol azarkeşlərini və sizi inandırıram ki, günbəgün komandada artım olacaq, yalnız vaxt və səbr lazımdır". "Kəpəz"in prezidenti Ruslan Məmmədov: "Məğlubiyyət gözlənilən idi. 1-2 ay nəticəmiz pis ola bilər. Qarşıda isə qələbələrimiz olacaq. Əsas odur ki, azarkeşlər ruhdan düşməyərək komandaya dəstək olsunlar. Komandanın keçmiş borclarının həcmi 300 milyon manatdan çox olub. İşığa, qaza, suya, telefona, vergilər idarəsinə və sairəyə görə bu borclar yığılıb qalıb. Biz istərdik ki, həmin vəsait komandaya sərf olunsun. Hazırda stadionda suvarma sisteminin bərpası üçün Bakıdan mütəxəssis gəlib. 10-12 günə stadionda avtomatik suvarma sistemi quraşdırılacaq. 1 aydan sonra stadionu tanımayacaqsınız. Biz bu işi üzərimizə götürmüşük və davam etdirəcəyik". "Kəpəz"in prezidenti və baş məşqçisinin sözlərindən aydın olur ki, komanda dirçəlişdədir. Komandaya, rəhbərliyə və azarkeşlərə gələcək oyunlarda qələbə sevinci arzulayırıq.

ŞAHMAT XƏBƏRLƏRİ

Avqustun 7-də Türkiyənin Ürqür şəhərində yeniyetmələr və gənclər arasında şahmat üzrə avropa çempionatı başa çatdı. Xatırladaq ki, yarışda qitənin 40-a yaxın ölkəsinin 900 gənc idmançısı öz gücünü sınayıb. 32 şahmatçıdan ibarət Azərbaycan yığma komandasının tərkibində, bir qrup Gəncə şahmatçısı çıxış edirdi. Respublika yığma komandasının üzvlərindən yalnız 16 yaşlılar arasında çıxış edən bakılı Rauf Məmmədov fərqləndi. O, 7,5 xalla qitə çempionu oldu. Gəncəlilərdən ən yaxşı nəticəni 12 yaşlı Gülşən Ağayeva göstərdi. O, 9 oyundan 6,5 xal yığaraq 2-7-ci yerləri bölüşdürüb. Amma əmsala görə o, 7-ci yerdə qaldı. Oğlanlar arasında bu yaş qrupunda Ayaz Məmmədov da 6,5 xal yığıb və yeddinci olub. 10 yaşlı qızlar arasında birinciliyin debütantı 8 yaşlı Ülvi Fətullayeva 5 xalla 20-ci oldu. 14 yaşlı oğlanlar arasında çıxış etmiş Nicat Ağayev bu ilki birincilikdə 15-ci pillədə yerləşdi. Nəhayət onun bacısı Aytən Ağayeva 16 yaşlı qızlar arasında 37-ci yerlə barışdı. Komanda hesabında (qeyri-rəsmi) Azərbaycan komandası 4-cü pillədə yer tutdu.
***
Avqustun 16-da Qubada yeniyetmələr arasında ümumrespublika şahmat olimpiadası start götürür. Bu yarışda respublikanın şəhər və rayonlarından, o cümlədən Gəncədən gələn idmançılar iştirak edəcək. Gəncə idmançıları arasında Vüqar Rəsulov, Nicat Ağayev, Ayaz Məmmədov, Gülşən Ağayeva və başqaları olacaq.

Bu həftə buraxilişi
PDF formatda

#19 (93)
07 - 17 iyun
2005-ci il


[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden in /home2/ganca/domains/www/aze/x_right.html on line 15

Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
] dəfə yüklənib.



İnglis versiyası Inglis versiyasiRus versiyasi Rus versiyası
Webmaster 2004 Awarded