ARXIV
|
#48. 04-10 dekabr 2004
"Comərd Qəssab" məqbərəsinin açılışı VII əsrdə yaşamış, yarıməfsanəvi xalq qəhrəmanı Comərd Qəssabın Sovet dövründə dağıdılan və beləliklə də itib-batan qəbri yenidən bərpa olunub. Məşhur 1139-cu il zəlzələsinə qədər mövcud olmuş qədim Gəncənin ərazisində 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İsaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarmışdı. Lakin 60-cı illərdə məqbərənin yaxınlığında tikilən Ət Kombinatına istilik xəttinin çəkilməsi bəhanəsilə guya beton dirəklərin yerləşdirilməsi üçün tariximizə qəsd edən düşmən qüvvələr abidəni vəhşicəsinə sökdülər. Halbuki bu xətti məqbərədən 5-10 metr kənardan çəkmək də mümkün idi. Xalq arasında dürüstlüyü, öz təmiz əqidəsi ilə tanınan və sevilən bir şəxsin məqbərəsinin dağıdılması tək tariximizə deyil, həm də mənəviyyatımıza, inamımıza vurulan zərbə idi.
Məqbərənin qədim Gəncə memarlıq üslubunda yenidən tikilməsi üçün Heydər Əliyev fondundan vəsait ayrılıb. Əsas inşaat materialı olan bişmiş qırmızı kərpic Naxçıvan şəhərindən gətirilib. Artıq tikintisi başa çatdırılan 8 künclü məqbərənin üst hissəsi künbəzlə tamamlanır.
Dekabrın 2-də "Comərd Qəssab" məqbərəsinin açılışı oldu. Tədbirdə ziyalılar, şəhər ictimaiyyəti və şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edirdi. Mərasimdə çıxış edən Gəncə Regional Elmi Mərkəzin direktoru Fuad Əliyev şəhər rəhbərliyinin göstərişi ilə şəhərimizin 70 qədim məhəlləsinin xəritələrinin hazırlandığını və tədricən bu məhəllələrdəki abidələrin də bərpasına başlanılacağını bildirdi: "Artıq bu işlərin başlanğıcı kimi "Comərd Qəssab" məqbərəsi yenidən bərpa olunub. Gəncənin igid oğlu Cavad xanın qəbirüstü abidəsinin də tikintisi başa çatmaq üzrədir".
Gəncə Dövlət Universitetinin rektoru Mübariz Yusifov "Gəncənin mədəni abidələri" adlı kitabın da Eldar Əzizovun xüsusi göstərişi ilə hazırlandığını bildirdi:
- Kitabın daha keyfiyyətli hazırlanması üçün Türkiyədə Azərbaycan, rus və ingilis dillərində nəşr olunacaq. İllüstrasiyalarla zəngin kitabda ilk bəhs olunan abidə "Comərd Qəssab" məqbərəsidir.
E. Əzizov Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisinə daxil olan qədim Gəncə xarabalıqlarında Comərd Qəssabın qəbirüstü abidəsinin yenidən ucaldılmasına və "Cavad xan" məqbərəsinin tikilməsinə Heydər Əliyev Fondundan maliyyə dəstəyi göstərildiyini bildirdi. Şəhər İcra Hakimiyyətinin başçısı Gəncənin tarixi abidələrinin bərpasının bundan sonra da davam etdiriləcəyinə söz verdi.
Yanğın hadisəsi
Bu günlərdə şəhərimizdə Nizami küçəsində yerləşən dayanacaqdakı köşkdə (Zabitlər Evinin qarşısında) yanğın hadisəsi qeydə alınıb. Şahidlərin sözlərinə görə, yanğın dayanacağa bitişik qutab bişirilən köşkdə qaz balonunun partlaması nəticəsində baş verib. Köşkdə çalışan iki qadın çətinliklə yanğından qurtulmuşlar. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Yanğın Nəzarət bölməsinin rəisi Təvəkkül Verdiyev bu ehtimalı təkzib edərək bildirdi ki, hadisənin qaz balonunun partlaması ilə əlaqəli olması doğru deyil. Əvvəla ona görə ki, qaz balonu işlək vəziyyətdə olub, ikinci bir tərəfdən belə olsa idi, nəticə daha ağır ola bilərdi. Sadəcə olaraq yanğınsöndürən heyət həmin vaxt yanılı vəziyyətdə olan qaz balonunu köşkdən çıxarıb. Əsl səbəb isə məişət elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır. Yanğın nəticəsində köşkün yan hissələri tamamən yansa da, tavan hissəsi isə heç bir zədə görməyib. T. Verdiyevin sözlərinə görə, köşk şəxsi mülkiyyət olub və dövlətə heç bir zərər dəyməyib. Həmçinin köşk icbari sığorta əsaslarına uyğun olaraq sığortalansa idi dövlət tərəfindən zərər ödənilə bilərdi.
Qeyd edək ki, hadisəyə Nizami rayon Yanğından Mühafizə İdarəsi iki yanğınsöndürən maşınla cəlb olunub, xəsarət alan yoxdur.
Əlillər günü qeyd olundu Bir damla dünya işığının, bir zərrə göz nurunun həsrətində olanları anmaq üçün ildə bir gün insanlarımıza və insanlığımıza şans verilir. Və bir şansımız da var ki, zülmətin qaranlıq kabusuna məhkum insan talelərinə bir anlıq da olsa 3 dekabr ümumdünya Əlillər günündə şərik olaq.
Ümumdünya Əlillər Günü ərəfəsində Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Gəncə şəhər 1 saylı Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) tədbir keçirildi. Sanki əvvəlki illərə nisbətən bu dəfə onların məkanı bir qədər işıqlı və aydın təsir bağışladı. Cəmiyyət tərəfindən təşkil edilmiş bu tədbirə ilk olaraq Gəncə şəhər Gözdən Əlillər Cəmiyyətinin sədri Səltənət Əhmədova başlanğıc verdi: "İstərdim ki, hər ilin bu günü nəinki cəmiyyətimizin üzvləri, eləcə də bütün şəhərimizdə yaşayan gözdən əlil olan insanlar bir araya gəlsinlər və təbii ki, bundan da geniş və işıqlı məkanda". Sonra cəmiyyətin idarə heyətinin nümayəndəsi məruzə etdi: "Azərbaycanda 250 min əlil mövcuddur. Cəmiyyətimiz 80 nəfərə qədər gözdən əlil olan insanı ətrafında birləşdirir. Var qüvvəmizlə onları cəmiyyətimizə inteqrasiya etməyə çalışırıq. Bunun üçün də sadəcə mənəvi dəstəyə ehtiyacımız var". Çıxış edən əlillər ləğv olunmuş güzəştlərinin yenidən bərpa olunacağına ümid etdiklərini bildirdilər. Hətta onlardan biri hansısa bir maddi yardımın əvəzinə onların daimi iş yerləri ilə təmin olunmasını tədbirdə iştirak edən KİV nümayəndələrinə çatdırdılar. Yazıçı-jurnalist Fərruxə Pərişan buradakı auranın bərli-bəzəkli salonlardakı, hazır ssenari əsasında tərtib olunmuş hay-küylü məclislərdən daha səmimi olduğunu söylədi.
MMC-nin mühəndisi Əlillər Günü münasibəti ilə təbrik və salamlarını iştirakçılara çatdırdı. O, qeyd etdi ki, buradakı gözdən əlil olan şəxslər karton istehsalı ilə məşğul olurlar. Lakin onların məhsullarına kimsə yiyə durmur. Düzdür, onların keyfiyyəti o qədər də qənaətbəxş olmasa da, tam kənara atılacaq səviyyədə də deyil. Bu gün bu hazır potensial qüvvəyə biganə yanaşmaq ən azı insanlıqdan kənardır. Həmçinin bu günə kimi onlara dəstək olan şəhərimizdəki pivə, çörək zavodlarının rəhbərlərinə öz minnətdarlıqlarını çatdırdılar. Sonda əlillərə pul və ərzaq yardımı paylandı.
Dekabrın 1-i QİÇS-lə Mübarizə Günüdür Dekabrın 1-i Ümumdünya İİV/ QİÇS-lə mübarizə günü ABŞ-ın İRD Beynəlxalq Yardım və İnkişaf Təşkilatı Gəncə Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) ictimaiyyətlə görüş keçirdi. Artıq bir ildir ki, İİV/ QİÇS-lə mübarizə proqramı üzrə Gəncə şəhərində, Xanlar və Goranboy rayonlarında maarifləndirmə işi aparan bu təşkilatın 100-dən çox könüllü təlimçiləri var. Onlar bu işdə İRD təşkilatına yaxından köməklik göstərir, əhaliyə İİV/ QİÇS haqqında məlumatlandırıcı təlimlər keçirlər. Dekabrın 1-də təşkil olunan tədbirdə də İRD-nin könüllü təlimçiləri, həmçinin GEM-in həkimləri və media nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan təşkilatın nümayəndəsi Aynur Ağabəyli İRD-nin əhalinin İİV/ QİÇS-ə dair maarifləndirilməsi üzrə gördüyü işlərdən danışdı. Proqramın direktoru Syu Makintaye maarifləndirmənin tək gənclər yox, bütün yaş qrupları arasında aparılmasının vacibliyindən söhbət açdı. O, təlimçilərin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edərək, layihə dayansa da onların əhali arasında maarifləndirməni davam etdirəcəklərinə inandığını bildirdi. Sonra QİÇS-dən dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edək ki, XX-XXI əsrin bəlası adlandırılan QİÇS-ə bu günədək 70 milyondan çox insan yoluxub. Bu xəstəlikdən vəfat edənlərin sayı isə 28 milyondan artıqdır. Azərbaycanda da QİÇS-ə yoluxanların sayı günbəgün artır. Son məlumatlara görə, xəstələrin sayı 700-ü keçib, dünyasını dəyişənlər isə 60-dan çoxdur.
İİV/ QİÇS-lə mübarizədə maarifləndirmənin ən vacib şərt olduğunu deyən GEM-in həkimi Almaz Tomuyeva mərkəzin işçilərinin bu sahədə gördüyü işlərdən söhbət açdı: "Bizim apardığımız maarifləndirmə nəticəsində artıq ictimai-məişət obyektlərində, bərbər-xana və stomatoloji kabinetlərdə sanitar-qiqiyenik normalara əməl edənlərin sayının artdığı müşahidə olunub. Ötən ay bu normalara riayət etməyən obyekt sahiblərindən 8-i bizim GEM-in işçiləri tərəfindən cərimə olunub. Əhalinin də bu sahədə bilgiləri günbəgün artır. Bu işdə İRD təşkilatının İİV/ QİÇS proqramının rolu danılmazdır". A. Tomuyeva GEM-də Qərb regionu üzrə İİV/ QİÇS-in laborator analizlərinin aparıldığını və bu prosesin tam anonim şəkildə getdiyini bildirdi. İRD təşkilatının Mass-Media nümayəndəsi İsmayıl Abbas KİV-lərin bu problemin həllində böyük rol oynadığını qeyd etdi. O, yerli telekanallarda nümayiş olunan iki video-çarxı iştirakçılara təqdim etdi və "Gəncəbasar" qəzetində İİV/ QİÇS mövzusuna həsr olunmuş rubrika haqda məlumat verdi. Daha sonra iştirakçılarla təşkilatçılar arasında fikir mübadiləsi aparıldı. İştirakçılardan bəziləri şəhərin və əhalinin intensiv hərəkət etdiyi yerlərdə, dayanacaqlarda İİV/ QİÇS-ə aid reklam lövhələrinin asılmasını təklif etdilər. Tədbirin yekununda təlimçilərə maarifləndirmə işində onlara kömək olacaq yeni əyani vəsaitlər paylandı.
Günün ikinci yarısı İRD təşkilatının nümayəndələri və gənc könüllü təlimçilər şəhərin müxtəlif yerlərində əhaliyə İİV/ QİÇS-ə aid leflet və bukletlər payladılar.
Gəncə kikboksçuları yarışdan 22 medalla qayıdıblar Noyabrın 23-25-də Maştağa Olimpiya İdman Kompleksində kikboksinq KS versiyası üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən kikboksçularda yanaşı İran, Türkmənistan və Əfqanıstanın 200-ə yaxın idmançısı medallar uğrunda mübarizə aparıb.
Yarışda Gəncə yığma komandası da (məşqçi İlqar Alıyev) öz gücünü sınayıb. Sınaqdan onlar əla nəticələrlə çıxıb və şəhərə 22 medalla qayıdıblar.
1990-91-ci illərdə anadan olmuş idmançılar arasında Vasif Kazımov (36 kq) və Qurban Qurbanov (45 kq) qızıl medala layiq görülüblər. İlahəddin Məmmədov (51 kq) finalda uduzaraq gümüş mükafat alıb.
1988-89-cu illərdə anadan olmuş idmançılar arasında beş nəfər mükafatçı olub. Onlardan Kamil İsmayılov (42 kq) və Samir İbrahimov (45 kq) gümüş, Hüsnəddin və Xurşud Zufarov qardaşları ilə Pərviz Əliyev (57 kq) bürünc medala layiq görülüb. Yuxarı yaş qrupunda (1986-87-ci) Həsən İmamquliyev (57 kq), Emin Bayramov (60 kq), Nicat Alməmmədov (49 kq) bütün görüşlərdə qələbə qazanıblar. Onların komanda yoldaşları Sənan Haqverdiyev (51 kq) və Elşad Yusifov (60 kq) gümüş, Elnur Musayev (67 kq) isə bürünc medal qazanıb. Və nəhayət, kişilər arasında builki dünya çempionu Elnur Salamov (54 kq) hamıdan güclü olduğunu bir daha sübut etdi. Arzu Məmmədov (63,5 kq) və Elnur Cəlilov (71 kq) qızıl medala layiq görülüblər. Yalnız final görüşlərini uduzaraq Arif Əliyev (51 kq) və Yaşar İsgəndərov (54 kq) gümüş medalla kifayətlənməli olublar. Tural Əsgərov 51 kq-da bürünc mükafatçı olub. Qeyd edək ki, ən çox medalları komanda hesabında 2 saylı UGİM-in yetirmələri qazanıb.
Boksçu-tələbələrimizın dünya çempionatında Türkiyənin Antaliya şəhərində tələbələr arasında boks üzrə dünya çempionatı başa çatıb. Rinqdə 30-a yaxın ölkənin idmançı tələbələri qələbə uğrunda mübarizə aparıb. İştirakçılar arasında Azərbaycanın boksçuları da var idi.
Yığma komandamızın tərkibində iki gəncəli, hal-hazırda İdman Akademiyasında oxuyan Ramal Amanov (57 kq) və Elçin Əlizadə (91 kq) iştirak ediblər. Hər ikisi evə medalla qayıdıb. Ramal Amanov bütün görüşlərdə qələbə çalaraq tələbələr arasında dünya çempionu olub. Elçin Əlizadə isə yalnız finalda uduzaraq gümüş medalla təltif olunub.
Xatirə turniri Noyabrın 27-28-də Gəncə Olimpiya İdman Kompleksində məşhur əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə XVIII ənənəvi respublika turniri keçirildi. Yarışda Naxçıvan, Zaqatala, Qax, Şəmkir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Cəlilabad, Astara, Mingəçevir və başqa rayonlardan gəlmiş 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. İştirakçılar arasında qonşu Gürcüstandan gəlmiş bir qrup pəhləvan da var idi.
Qeyd edək ki, gürcü idmançıları əla çıxış edərək dörd çəki dərəcəsində birinci olmuşlar. Bunlar Otari İnaşvili (66 kq), Arçil Kititaşvili (74 kq), Nikola Kuknudze (80 kq) və Lazari Narkanişvilidir (96 kq). Astara pəhləvanları Elşad Ağayev (50 kq) və Samir İmamiyev (120 kq) da yaxşı çıxış edərək evə iki qızıl medalla qayıdıblar.
Gəncəlilərdən 2 saylı UGİM-nin yetirməsi Araz Həsənov (55 kq) və dinamoçu Ülvi Abdullayev (60 kq) fərqləniblər.
Yarışın axırında qaliblərə və mükafatçılara medallar, diplomlar və hədiyyələr verilib.
Məmmədovların qələbəsi Bu günlərdə Astarada Avropa çempionu və dünya çempionatının mükafatçısı Aslan Ağayevə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi respublika turniri başa çatdı. Yarışda respublikanın şəhər və rayonlarından gəlmiş 100-dən artıq gənc pəhləvan qələbə uğrunda mübarizə aparıb. Turnirdə Gəncənin bir qrup idmançısı öz güclərini sınayıb.
Onlardan Hümbət Məmmədov (58 kq) və Səbuhi Məmmədov (85 kq) bütün görüşlərdə qələbə çalaraq turnirin qalibi olublar.
Qaliblərə və mükafatçılara medal, diplom, kubok və pul mükafatı verildi.
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|