ARXIV
|
#28. 10 - 16 iyul 2004
GƏNCƏDƏ BİZNES-KONQRES
İyul ayının sonunda Gəncə şəhərində beynəlxalq səviyyəli biznes-konqres keçiriləcək. Bu haqda məlumat İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional inkişaf şöbəsindən verilib. Məqsəd respublikamızın qərb regionunda investisiya imkanlarının araşdırılması, xarici biznesmenlərin cəlb olunması, onlarla qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi və bu istiqamətdə prioritet sahələrin müəyyənləşdirilməsidir. Respublika miqyaslı bu tədbirə Azərbaycanın bütün iş adamları - regionların sahibkarları və fermerləri, o cümlədən xarici biznesmenlər qatılacaq. Qeyd edək ki, bu cür biznes-konqres ilk dəfə olaraq, paytaxtımız Bakıda yox, Gəncədə təşkil olunur. |
|
GƏNCƏNİN EKOLOJİ VƏZİYYƏTİ HESABATDA
İyul ayının 2-də Gəncə Regional Ekoloji Mərkəzin (REM) "Yerli fəaliyyət proqramının hazırlanması" layihəsi çərçivəsində növbəti tədbiri keçirildi. Yenicə hazırlanmış "Gəncənin hal-hazırkı ekoloji durumunu əks etdirən hesabat"ın təqdimatına həsr olunan bu tədbirdə Qafqaz üzrə REM-in Azərbaycan təmsilçisi Mətləb Həsənov və layihənin koordinatoru İrşad Abbasov gördükləri iş haqqında geniş məlumat verdilər.
Qeyd edək ki, hesabatda əsasən Gəncənin mövcud təbii şəraiti, ərazisi, əhalisi, sosial-iqtisadi həyatı və ekoloji problemləri - su, hava, torpaq örtüyünün çirkləndirilməsi yolları xronoloji ardıcıllıqla göstərilib. Ayrı-ayrı idarə, təşkilat, müəssisə, bələdiyyə, QHT və KİV nümayəndələrindən formalaşmış işçi qruplarının müzakirəsinə təqdim olunan hesabat əvvəlcə ciddi iradlarla qarşılandı. Çıxış edənlərin hər biri hesabatın olduqca bəsit hazırlandığını, şəhərin ekoloji problemlərini düzgün və tam əhatə etmədiyini vurğuladılar. Sonda qərara alındı ki, ilkin variant olmasına baxmayaraq, mükəmməl bir sənəd olması üçün onun üzərində düzəlişlər aparılsın. Ekspertlər tərəfindən qeyd ediləcək təkliflər ümumiləşdirilməklə onların əsasında yekun sənəd hazırlansın. Yalnız bundan sonra şəhərin ekoloji vəziyyəti ilə bağlı yerli fəaliyyət proqramı tərtib olunacaq və ona müvafiq olaraq, əməli tədbirlər həyata keçiriləcək.
|
|
GÖY GÖL QORUĞU MİLLİ PARK STATUSU ALARSA...
Respublikamızın ərazisində mövcud 15 dövlət qoruğundan bir neçəsi artıq milli park adlandırılacaq. Bunlardan biri Göy göl Dövlət Qoruğudur. Məlumatı qoruğun direktoru Bilal Verdiyev bizimlə söhbətində açıqladı. Onun sözlərinə görə, qanun hazırlanıb, yaxın vaxtlarda təsdiq olunaraq, mətbuatda dərc olunacaq:
"Məlumdur ki, ölkə rəhbəri respublikanın ətraf regionlarında turizmin inkişafı, dünya standartlarına cavab verən istirahət mərkəzlərinin yaradılmasını nəzərdə tutan bir sıra sərəncamlar verib. Sərəncamlardan da göründüyü kimi ilk növbədə turizm üçün əlverişli yerlər seçilməlidir. Odur ki, müvafiq dövlət nazirliklərinin nümayəndələri və beynəlxalq müşahidəçilərin iştirakı ilə Hacıkənd-Göy göl ərazilərinə də baxış keçirilib. Və bu ərazilərin turizmin inkişafı üçün tam əlverişli olduğu təsdiqlənib. Amma "Dövlət Qoruqları Haqqında" əsasnaməyə görə, qoruğun ərazisindən istirahət mərkəzləri kimi istifadə etmək qadağandır. Gənclər, İdman və Turizm Nazirliyi (GİT) və Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış məsləhətverici şurada aparılan müzakirələrdən belə bir nəticəyə gəliblər ki, qanuni çərçivədə Göy göl Dövlət Qoruğunun statusu dəyişdirilərək, Milli park adlandırılsın. Yeni status qoruğun flora və faunasının təhlükəsizliyini təmin etməklə yanaşı, turist istirahət bazalarının yaradılmasına da imkan verəcək".
Müsahibimiz bu məqsədlə meşə və gölün dörd bir tərəfdən tikanlı məftillərlə mühafizə ediləcəyini vurğuladı:
"İstirahət mərkəzi qoruq ərazisindən (əsasən meşə və göldən) bir qədər aralı salınacaq. Burada müxtəlif sağlamlıq mərkəzləri, sanatoriya və turistlər üçün beş ulduzlu otel tikiləcək. Onlar meşə və gölə kənardan salınacaq yoldan tamaşa edəcəklər. Bunun üçün xüsusi turist marşrutları (avtobus və ya trolleybus ola bilər) istifadəyə veriləcək. Marşrutdan kənar meşə daxilində gəzintiyə icazə verilməyəcək. Yalnız mütəxəssislər tədqiqat işləri ilə bağlı əvvəlki kimi içəri buraxıla bilər".
B. Verdiyevin sözlərindən məlum oldu ki, keçmiş SSRİ dövründə, təxminən 70-ci illərdə Göy göl qoruğu Milli park kimi xalqın istifadəsinə verilmişdi. Müəyyən olunmuş tələblərə düzgün riayət olunmadığından, məsələn, göl, istirahətə gələn şəxslər tərəfindən çirkləndirildiyindən Milli park kimi onun fəaliyyətinə xitam verildi:
"Səhiyyə naziri Əli İnsanovu və GİT naziri Əbülfəz Qarayevi bura dəvət etdim. Onlar da qoruqda oldular. Söhbətimdə nəzərlərinə çatdırdım ki, Göy gölün görkəmini qorumaq istəyiriksə burada yalnız sağlamlıq ocaqları və idman komplekslərinin tikilişinə icazə verilməlidir. Və əsasən xəstə insanlarla idmançıların istirahəti təşkil olunmalıdır. Əks halda ciddi problemlərlə rastlaşmalı olacağıq. Təkliflərimi nəzərə alacaqlarını qeyd etdilər".
B. Verdiyev qoruq ərazisindəki restoranların sonrakı aqibətinin necə olacağına da aydınlıq gətirdi:
"Həmin tikililər hal-hazırda İqtisadi İnkişaf Nazirliyinin nəzdindədir. Yuxarıda göstərdiyimiz planlar gerçəkləşərsə, o zaman obyektlər də Səhiyyə Nazirliyinin və GİT Nazirliyinin tabeçiliyinə verilə bilər və onlardan müalicəxanalar və idman kompleksləri kimi istifadə olunar. Amma söz-söhbət gəzir ki, restoran binalarının ayrı-ayrı sahibkarlara, hətta xarici iş adamlarına satılması gözlənilir. Əlbəttə, belə olan halda Göy gölün əsrarəngiz gözəlliyinin taleyi sual altında qala bilər. Dövlət səviyyəsində çalışırıq ki, buna yol verilməsin".
Müsahibimiz son günlər Göy göl meşələrinə əhalinin buraxılmaması məsələsi və nəticədə narazılıqların yarandığına da münasibətini belə bildirdi:
"Təkrar qeyd edim ki, qoruq ərazisinə yalnız elmi tədqiqatçılar buraxılmalıdır, kənar şəxslər yox. Lakin isti yay günlərində vətəndaşların qoruqdan aralı istirahətləri də olmalıdır. Bunu nəzərə alaraq, həmişə əhali hissə-hissə ora buraxılırdı. Çox təəssüf ki, vətəndaşlarımız sadəcə qoyulmuş qaydalara əməl etməyi bacarmırlar. Ərazini zibilləyir, suyu çirkləndirir, hətta gölə girib çimirlər. Son vaxtlar bu qeyri-etik hərəkətlər açıq şəkil aldığından Göy göl qoruğunun giriş hissəsinə əlavə hərbçilər gətirilib. Onların köməkliyi ilə əhalinin kütləvi axınının nisbətən qarşısı alınıb, qoruq daxilində isə profilaktiki tədbirlər həyata keçirilir".
Qoruq rəhbərliyinin dediklərindən o da məlum oldu ki, Göy göl Milli park kimi istifadəyə veriləndən sonra hərbçilərə ehtiyac qalmayacaq, əhalinin normal istirahəti təmin olunacaq.
|
|
KAMERA ORKESTRİ MÖVSÜMÜN SON KONSERTİNDƏ
İyulun 4-də Gəncə Dövlət Kamera Orkestrinin konserti keçirildi. Orkestrin bədii rəhbəri və dirijoru Rəfayel Bayramovdan aldığımız məlumata görə, bu konsert orkestrin cari mövsümdə sonuncu konserti idi. Repertuara xarici bəstəkarlardan V. A. Motsart, E. Qriq, F. Kreysler, Q. Sviridov, Albenis, Ç. Parkerin, Azərbaycan bəstəkarlarından Q. Qarayev, S. Rüstəmov, O. Kazımov, E. Sabitoğlu və başqalarının əsərləri daxil edilmişdi. Orkestri tarda M. Məmmədov, fortepianoda K. Şirinov, solistlərdən S. İbrahimova və K. Tağızadə müşayiət edirdi.
Qeyd edək ki, konsert Norveç Humanitar Müəssisəsinin Gəncə üzrə nümayəndəsi, 4 illik iş müddətini başa çatdırıb Gəncəni tərk edən Tron Langenin və indi onu bu postda əvəz edəcək xanım Edel Knutsenin şərəfinə təşkil olunmuşdu.
Aydınlıq üçün bildirək ki, Norveç Humanitar Müəssisəsi Gəncə Dövlət Kamera Orkestrinin fəaliyyətinə maliyyə yardımı edir. |
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|