ARXIV
|
#05. 19 - 25 fevral 2005
Prezidentin sahibkarlarla növbəti görüşü oldu
Ölkə rəhbəri İlham Əliyev fevral ayının 11-də 2004-2008-ci illər üçün "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramının təsdiq edilməsinin bir illiyinə həsr olunmuş konfrans keçirdi. Tədbirdə çıxış edən Gəncə İcra Hakimiyyəti başçısı Eldar Əzizov əsasən son vaxtlar şəhərdə aparılan tikinti-abadlıq işlərindən, çoxmərtəbəli binaların ucaldılmasından, yeni iş yerlərinin yaradılmasından danışdı.
Konfransda diqqəti cəlb edən məqam sonda 20-yə qədər sahibkarın fəaliyyətinə prezident tərəfindən yüksək qiymət kimi onların mükafatlandırılması oldu. Sevindirici haldır ki, "Tərəqqi" medalına layiq görülənlər arasında "Gəncə Şərab-2" Səhmdar Cəmiyyətinin rəhbəri Namiq Məmmədov da vardır. Qeyd edək ki, bu müəssisə nəinki şəhərimizdə, bütün Azərbaycanda müasir standartlara tam cavab verən məhsul istehsal edən yeganə müəssisədir. Həmin məhsul ki, dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilib, müsabiqələrdə isə yüksək mükafatlara layiq görülüb.
"İpək Yolu"nun Gəncə-Qazax hissəsi istifadəyə verilib
Ölkəmizin ərazisindən keçən "Böyük İpək Yolu"nun bir hissəsi bərpa olunub. Fevral ayının 12-də baş tutan rəsmi açılışdan sonra yol istismara verilib.
Açılışda Nəqliyyat naziri Ziya Məmmədov iştirak edib. O, çıxış edərək bildirib ki, yolu tikən Türkiyənin "Turan Xəzinədaroğlu və Öztaş" birgə müəssisəsti ilə dövlətimiz arasında akt imzalanacaq və həmin akta əsasən müəssisə yola 5 il zəmanət verəcək.
Qeyd edək ki, layihə üzrə Bakı-Ələt yolundan Gürcüstan sərhəddinə kimi 512,2 kilometr yol bərpa olunmalıdır. Yolların bərpası üçün Dünya Bankı, Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, Abu-Dabi Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ümumilikdə 238,63 milyon, Azərbaycan hökuməti isə 53,42 milyon ABŞ dolları həcmində pul ayırıb. İcrası 2001-2007-ci illəri əhatə edən layihədə artıq Ələt-Qazıməmməd və Gəncə-Qazax yolları bərpa edilib istismara verilib. Tədbirdə "Turan Xəzinədaroğlu və Öztaş" birgə müəssisəsinin rəhbəri Tofiq Yalu da çıxış edib. Bildirib ki, şirkətin gördüyü iş dünya standartlarına cavab verir. Onun sözlərinə görə, torpaq qatlarının kipliyini və yolun hamar olmasını təmin etmək üçün müasir cihazlarla asfaltın hündürlüyü hər 20 sm-dən bir ölçülərək nəzarətdə saxlanılıb. Yolun əsas layının alt qatı 22,5 sm olaraq, düzəldilib, 100 faiz sıxılma saxlanılıb. Sərf olunan asfaltın ümumi çəkisi 110 min ton olub. Yol 15 metr enindədir, kənd sahələrində 2, avtobus dayanacaqlarında isə 3 zolaqlıdır. Jurnalistlərlə müsahibəsində Z. Məmmədov bütövlükdə İpək Yolunun əsas hissəsinin bərpa olunması işinə başlandığını bildirdi. O, yalnız Qazax-Gürcüstan sərhəddinə kimi olan 38 km yolun çəkilməsi üçün maliyyə mənbəyinin olmadığını dedi. Amma bu işlə əlaqədar Asiya Bankı ilə danışıqlar getdiyini deyən Z. Məmmədov şəhər və rayondaxili yolların nə vaxt bərpa olunacağı məsələsinə də toxundu. O, bildirdi ki, şəhərdaxili yollar yerli İcra Hakimiyyətlərinin balansındadır və yolların bərpa olunması ilə birbaşa onlar məşğul olmalıdır. O, qeyd etdi ki, ümumilikdə Azərbaycanın avtomobil yollarının bərpa olması üçün Dünya Bankı 300 milyon ABŞ dolları məbləğində pul verməyə hazırdır.
Gəncə-Qazax zonasının 2004-cü ildə iqtisadi panoraması
İqtisadi İnkişaf Nazirliyinin (İİN) Gəncə-Qazax regional şöbəsindən verilən məlumata görə, 2 şəhər və 9 rayonu əhatə edən Gəncə-Qazax iqtisadi regionu üzrə 2004-cü ildə təxminən 19 minə yaxın yeni iş yeri açılıb. Bunun 12 mini daimi, 7 mini isə müvəqqəti, mövsümi tətbirlər nəticəsində açılan iş yeri olub. Gəncə şəhəri üzrə 4335 nəfər işlə təmin olunub ki, onun 4080-i daimi xarakter daşıyır. Ötən il Qərb regionunda 78 sənaye məhsullarının istehsalı və 51 kənd təsərrüfatı müəssisələri yaradılıb. 39 sənaye üzrə, 39 kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti bərpa edilib. Şöbənin rəhbəri Azər Muradov 2004-cü ildə İİN-nin Sahibkarlara kömək Milli Fondu tərəfindən Qərb regionunda fəaliyyət göstərən sahibkarlara 15 milyard manat həcmində güzəştli kreditlər verdiyini bildirdi: "Gəncə üzrə 5 milyard kredit paylanılıb. Verilən kreditlərin sayəsində şəhərimizdə 500 yeni iş yeri açılıb".
Müsahibimiz 2005-ci ildə region üzrə 15 minə qədər daimi iş yerlərinin açılmasının nəzərdə tutulduğunu dedi. Bunun 4 mininin Gəncədə açılması planlaşdırılır. A. Muradov ötən ilin sonunda işə düşən Gəncə Avtomobil zavodunda 2005-ci ildən yeni istehsal sahələrinin yaradılacağını bildirdi:
"Zavodda Rusiyanın Naberejnıye Celnı şəhərinin Mikrolitraj Avtomobillər zavodu ilə əməkdaşlıq çərçivəsində "OKA" markalı avtomobillər yığılır. Komplektləşdirici hissələr Rusiyadan gətirilir. Ehtiyat hissələrinin bizim sahibkarlar tərəfindən zavodda istehsalı nəzərdə tutulur. Bu baş tutsa min nəfəri iş yeri ilə təmin etmək mümkün olacaq".
Həmsöhbətimiz Gəncə Avtomobil zavodu ilə əməkdaşlıq etmək istəyən QAZel, Folksvagen, Kamaz və digər şirkətlərlə danışıqların davam etdirildiyini bildirdi. Onun sözlərinə görə, avtomobil kompleksi böyükdür, əgər digər şirkətlərlə razılaşma əldə olunarsa, onlar da zavodda fəaliyyətə başlaya bilərlər.
"Ölkə iqtisadiyyatının ayrılmaz hissəsi olan özəlləşdirmə prosesinin gedişi ilə bağlı şəhərimizdə hansı işlər görülür?" sualını Azər Muradov bu cür cavablandırdı:
"2005-ci il yanvarın 1-nə olan məlumata əsasən, Gəncə şəhərində 1272 ədəd avadanlıq, obyekt, kiçik müəssisə özəlləşdirilib. İcarədən özəlləşən müəssisələrin sayı 132 olmuşdur. 67 səhmdar cəmiyyət yaradılıb. Bu il fəaliyyətinin bərpası istiqamətində Xalça kombinatının, Sənaye Tikinti Materialları Kombinatı və Rayonlararası Bazasının səhmdar cəmiyyətə çevrilməsi üçün sənədlər paketi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Nazirlər Kabinetində təsdiq olunduqdan sonra həmin müəssisənin səhmlərinin özəl sektor tərəfindən alınması və investisiya qoyuluşu sahibkarlar tərəfindən həyata keçiriləcək".
Qeyd edək ki, 1996-1999-cu illəri əhatə edən özəlləşdirmə haqqında I Dövlət Proqramının həyata keçirildiyi illərdə II Dövlət Proqramında nisbətən daha çox müəssisə özəlləşdirilib, həmçinin səhmdar cəmiyyət yaradılıb. Belə ki, I Dövlət Proqramına əsasən 715 kiçik müəssisə və avadanlıq, icarədən isə 35 müəssisə özəlləşdirilib, 44 səhmdar cəmiyyət yaradılıb. 2000-ci ildən icra olunan II Dövlət Proqramı üzrə 358 avadanlıq kiçik müəssisə özəlləşdirilib. İcarədən özəlləşdirilən müəssisələrin sayı 95, səhmdar cəmiyyətə çevrilənlərin sayı isə 23-dür.
A. Muradov Qərb regionunda yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində də ötən il bir sıra işlərin görüldüyünü bildirdi:
"Region üzrə ümumi uzunluğu 165 km olan asfalt örtüyü çəkilib, 280 km yolda cari təmir işləri aparılıb. 52,5 km uzunluğunda qaz xətti, 136 km su xətti, 208 km elektrik xətti çəkilib. 114 ədəd güc transformatoru quraşdırılıb. 7 yeni xəstəxana, 13 məktəb binası, 47 sosial obyekt tikilib. 1000 transformator, 36 xəstəxana, 131 məktəb təmir olunub".
- Regionda 2005-ci ildə Dövlət Proqramının icrası ilə bağlı hansı tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulur?
- Bu il Gəncə-Yevlax, Gəncə-Şəmkir, Qazax-Gürcüstan magistral yollarının yenidən qurulması, Tovuz çayı üzərində körpünün bərpası və hava limanında 2004-cü ilin sonundan başlayan yenidənqurma işlərinin davam etdirilməsi planlaşdırılır. İİN yerli icra hakimiyyətlərinin təkliflərinə uyğun investisiya layihələrini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
İPƏKÇİ ALİMİN YUBİLEYİ
QEYD OLUNDU Bu günlərdə AKTA-nın binasında görkəmli alim, pedaqoq və ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəhim Hüseynovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sessiyası keçirildi.
İpəkçi alim R. Hüseynov 1914-cü ildə Gəncədə anadan olub. Bildiyimiz kimi, bu şəhər qədim zamanlardan öz ipəyi ilə dünya bazarında, o cümlədən İtaliyada şöhrət tapıb. O, gənc yaşlarından ipəkçilik elminə maraq göstərmişdir. Daha məhsuldar ipəkqurdu cinsi yaratmaq məqsədi ilə R. Hüseynov "Azərbaycan" və "Azad" ipəkqurdu cinslərini yaratmağa müvəffəq olub. O zaman respublikamızda yetişdirilən barama qurdu baramasının 17-18 faizi ipək olduğu halda, "Azərbaycan" cinsi baramasının 23,8 faizi ipək olub. Bu, seleksiyaçı-alim kimi R. Hüseynovun məşhurlaşmasında ilk addım olub. Onun ipəkçiliyin inkişaf yolları barədə uzaq Çində, Yaponiyada söylədiyi məruzələri xarici ölkə alimlərinin də marağına səbəb olub. O dövrdə alimin yaratdığı ipək qurdu cinslərinə keçilməsindən sonra respublikamızda hər il əlavə olaraq 1 milyon metr ipək parça istehsal olunub. Daha sonralar onun rəhbərliyi altında "Gəncə-1" baramaqurdu cinsi öz keyfiyyətinə görə, keçmiş Sovet məkanında olan tut-ipəkqurdu cinslərinin hamısından üstün olub. Belə ki, onun baramasının 25-26 faizi ipək olub. Ümumiyyətlə, seleksiyaçı-alim R. Hüseynov dövrünün ən ali mükafatlarına layiq görülüb, ən yüksək kürsülərdə vətənini layiqincə təmsil edib. O, 1971-ci ildə fəaliyyətinin çiçəkləndiyi bir zamanda vəfat edib.
Bakı Slavyan Universitetinin Gəncə körpüsü Ötən həftə Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin müəllim və tələbələri Gəncədə oldular. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasından (AKTA) başlanan tanışlıqdan sonra qonaqlar akademiyanın müzeyindəki dəyirmi masa ətrafında toplandılar. Universitetin müəllimi Ziya Səmədli Gəncədə olduqlarına və şəhərlə tanışlığa AKTA-dan başladıqlarına görə, məmnun olduğunu söylədi. Bildirdi ki, respublikanın ali təhsil müəssisələri arasında əlaqə yaratmaq, qarşılıqlı görüşlər keçirmək, tələbə gənclərin bir-birilə təcrübə mübadiləsi aparmaq BSU-nun rektoru Kamal Abdullayevin təşəbbüsüdür. Nizami yurduna gəlişlərinin də bu təşəbbüsdən irəli gəldiyini diqqətə çatdırdı. Qeyd etdi ki, slavyan dilləri respublikamızda geniş yayılsa da bu sahədə mütəxəssis qıtlığı hiss olunur: "Bizim universitetdə slavyan dilləri ilə yanaşı, yunan dili də tədris edilir. Əfqanıstan, Çin, Qazaxıstan, Rusiya, Bolqarıstan və digər dövlətlərin tələbələri BSU-da oxuyur. Onlar çex, bolqar, slovak, rus və s. slavyan dilləri ilə yanaşı Azərbaycan dilini də öyrənirlər. Deyə bilərəm ki, onların sırasında təmiz azərbaycanca danışanları da var. Əksər dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə möhkəm əlaqələr qurmuşuq. İndi BSU-da müxtəlif slavyan dilləri üzrə mütəxəssislər yetişdirməklə, bu sahədə olan boşluğu aradan qaldırırıq".
Bundan başqa Z. Səmədli dedi ki, Azərbaycan həqiqətlərini əcnəbi tələbələrə çatdırmaq məqsədilə müxtəlif tədbirlər keçirilir. Ermənistan-Azərbaycan konfliktinə həsr olunmuş "Dağlıq Qarabağ münaqişəsi" dərsi tədris olunur, kitablar nəşr edilir, elmi işlər aparılır. Ayda 2 dəfə respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirləri və tələbələrlə bu mövzuda görüşlər təşkil edilir. Ziya müəllim AKTA-dakı ilk görüşün isə BSU ilə gələcək əlaqələrin konturlarını cızmaq və əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək məqsədi güddüyünü dedi.
Görüşdən sonra Z. Səmədli bunları söylədi: "Biz Gəncə şəhər İcra Hakimiyyətinin istiqamətləndirdiyi layihə üzrə AKTA, Gəncə Dövlət Universiteti, Gəncə özəl Türk liseyi və bir sıra orta məktəblərdə olduq. İlk olaraq AKTA-ya gəldiyimizdən şadıq. Görüş xoş təəssüratlar yaratdı. Gəncədəki təhsil ocaqları ilə tanış olacağıq və təcrübə mübadiləsi aparacağıq".
Tədbirdə tələbə və müəllimləri maraqlandıran suallara cavab verildi və görüşün sonunda hər iki tərəf bir-birinə hədiyyələr bağışladı.
İnsan haqlarına dair seminar Fevralın 11-də "Gəncəbasar" qəzetinin redaksiyasında D. Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin təşkilatçılığı ilə Gəncənin fəal qadınlarından ibarət seminar keçirildi. Seminar tanışlıqla başlandı. İlk çıxışı D. Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfərova etdi. O, "İnsan haqları pozularkən nə etməli?" mövzusunda məruzə edərək, həmçinin iştirakçıların nəzərinə çatdırdı ki, insan hüquqlarına dair növbəti seminar Qazax və Ağstafa rayonlarında keçiriləcək.
Sonra seminarın treneri D.Əliyeva adına Dövlət Hüquqları Cəmiyyətinin istimai müdafiəçisi Sədaqət Paşayeva insan hüquqları anlayışı haqqında iştirakçılara geniş məlumat verdi. O, bildirdi ki, insan haqları qanununun əsas hissəsinə insan haqlarını inkişaf etdirmək və onları müdafiə etmək üçün istifadə oluna bilən hər bir qanun daxildir ki, bu da əsasən üç formada olur:
- Dövlət konstitusiyasında;
- Dövlətlərarası müqavilələrdə;
- Ümumi qəbul edilmiş beynəlxalq qanunda.
Trenerin çıxışından sonra hüquqşünas Mehriban Əbdürrəhimova iştirakçılar arasında test sorğusu keçirdi. D. Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin "Hüquq" şöbəsi tərəfindən hazırlanan test 12 sualdan ibarət idi və hər biri iştirakçılar tərəfindən cavablandırıldı.
Tədbirdən sonra trener S. Paşayeva bizimlə söhbətində bildirdi ki, bu mövzuda seminarlar artıq Lənkəran və Xaçmazda keçirilib. Gəncədə keçirilən seminar sayca üçüncüdür. Seminar təşkilatçılarının məqsədi iştirakçılara insan haqları ilə bağlı monitorinqlərin keçirilməsi qaydalarını öyrətmək idi. "Biz, həmçinin onlara müdafiə işini daha mütəşəkkil etmək, öz hüquqlarının müdafiəsi sahəsində insanlarda inam yaratmaqda yardımçı olmaq üçün belə seminarları təşkil edirik. İştirakçılardan çox razı qaldım. Onlar artıq məhkəmələrdə aktiv iştirak edirlər. Seminar boyunca iştirakçılar ayrı-ayrı sahələr üzrə öz təkliflərini verdilər" - deyə, S. Paşayeva bildirdi.
Sonda D. Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfərova fürsətdən istifadə edib qəzetimiz vasitəsilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova şəhərdə qaz təchizatı işinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdığına görə öz minnətdarlığını bildirdi.
Muzeyimizə
dəvət edirik Müstəqil Azərbaycanda aparılan quruculuq işləri, həyata keçirilən tədbirlər, vətənimizin etibarlı gələcəyindən xəbər verir. Son vaxtlar bu istiqamətdə Cəncədə də xeyli işlər görülüb. Yeni abidələrin ucaldılması, tarix-mədəniyyət obyektlərinin bərpası, Gəncə xanlığının bayrağına istinadən şəhərin embleminin yaradılması qədim şəhərimizin keçmiş nüfuz və şöhrətini tezliklə özünə qayıdacağına əminlik yaradır. Bu baxımdan Gəncə Tarix-Diyarşünaslıq muzeyi də diqqətdən kənarda qalmamışdır. 2004-cü ildə muzeyin 80 illik yubileyi respublika miqyasında yüksək səviyyədə keçirilmişdi. 80 illiklə bağlı muzeydə təmir işləri görülmüşdür. Bütün bu diqqət və qayğı biz muzey işçilərinin məsuliyyətini daha da artırdı. Biz nəinki tarixi qoruyub saxlamaq, həm də yeni-yeni axtarışlar aparıb, tarixi faktlar toplayıb onları xalqa çatdırmaq, elmi məqalələrlə oxucularla daima əlaqədə olmağa çalışırıq.
Tarixini qoruyub gələcək nəsillərə çatdırmaq hər bir insanın müqəddəs borcudur. Maddi və mənəvi dəyərlərin qorunub saxlanmasında görkəmli şəxsiyyətlərin, ədəbiyyat, elm və mədəniyyət xadimlərinin həyatının, yaradıcılıq fəaliyyətinin öyrənilməsində muzeylər mühüm rol oynayır.
N. Gəncəvi adına Tarix-Diyarşünaslıq muzeyi də bu məqsədə xidmət edir. Əsası 1924-cü ildən qoyulan bu muzeydə hal-hazırda otuz minə qədər eksponat saxlanılır. Onların hər biri tariximizi dərindən öyrənmək üçün əvəzsiz bir mənbədir. Lakin təəssüflər olsun ki, bu gün bizim ali və orta məktəblərin müəllimləri və şagirdləri bu xəzinədən lazımınca istifadə etmirlər. Onlar öz dərslərini burada əyani vasitələr üzərində qursalar daha da yaddaqalan olar.
"Qaliblər nəsli". Stalinqrad cəhənnəminin şahidi
...Qarşımda Böyük Vətən Müharibəsinin veteranı, II dərəcəli əlil Şahverdiyev Mikayıl İmamqulu oğlu əyləşib. Hündürboy, açıq alın.
- Mən Gəncədə 1919-cu ildə anadan olmuşam. Bağman hissəsində. Atam bağban olub. Ailədə 6 uşaq idik. Bolşeviklər gələndə çoxlu qohumlarımızı sürgün etdilər. Səbəbi sinfi baxışdan etibarsızlıq idi. Bizim nəsil birbaşa Gəncə xanlığına gedir. Əgər soyadımızı dəyişdirsək, nə isə burada əldə etmək olardı. Ancaq Şahverdiyev soyadını başqasına dəyişə bilməzdik. Xırda işdən başqa bizə bir iş vermirdilər. Məktəbi qutarandan sonra sürücü oldum. Soyadıma görə iş tapmadım. 1937-ci il isə çox xatalı idi. Üzü ağkən əvvəl keçdim Özbəkistana, sonra Qazaxıstana. Sürgündə olan qohumlarımın yanına. Orada sürücü oldum. 1939-cu ildə Qızıl orduda oldum. Vətən müharibəsi başlayanda mən orduda sürücü İdim, 343 atıcı diviziya yığılanda, mən 1941-ci ildən 1946-cı ilə qədər onun tərkibində idim. İlk döyüşüm Stalinqradda olub. Orada 20-ci Qırmızı Bayraq tank diviziyasının tərkibində idim. Hissədə yeganə azərbaycanlı idim. ...Yaddaqalan isə Taqanroqda, 416-cı diviziya zabitlərini gördüm və inana bilmədim ki, Azərbaycan diviziyası var və əmrlər burada bizim dildə verilir. Öz növbəsində isə, onlar təəccübləndilər. Necə olub ki, azərbaycanlı orduya başqa yerdən çağrılıb. İmkan tapıb 12 zabiti qonaq çağırdım. Onlara o vaxtın sözü ilə qonaqlıq verdim. İmkan var idi. Səhəri bizi Melitonolya, onları isə Kerçə yolladılar. Kerçdə isə... bizimkiləri yaman günə saldılar. Çoxları batdı. Ümumi ilə bizimkiləri, elə mənim özümü hər dəfə o savaşda ən təhlükəli yerlərə yolladılar.
Uşaq Kəndinin
tikintisi davam edir
Gəncədə xeyli müddətdir ki, atılmış, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Uşaq Kəndinin tikintisinə başlanılıb. "SOS Kinderdorf İnterneyşnl" təşkilatının ayırdığı maliyyə hesabına tikilən şəhərcikdə artıq əsas yaşayış binalarının və köməkçi binaların tikintisi aparılır. Gəncə çayının sağ sahilində, 1 saylı təcili tibbi yardım xəstəxanasının yaxınlığında tikilən kənddə 14 ailə ( ev) olacağı nəzərdə tutulub. Artıq tikiləcək mənzillərin rabitə, təbii qaz, elektrik ( ayrıca transformator qoyulub) xətləri tam çəkilib. Kanalizasiya, texniki və içməli su məsələləri artıq həll olunmaq üzrədir. Bu haqda məlumat verən 7 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi, tikinti zamanı yaranan problemləri operativ həll etməkdə köməkçi Əkbər Nəsirov qeyd edir ki, indiyə qədər tikintinin gedişində heç bir problem yaranmayıb: "İşlərimiz plana uyğun şəkildə davam edir. Görülən işlərə ciddi nəzarət edilir. Təşkilatın nümayəndələri də tez-tez Gəncəyə gələrək tikintinin gedişatı ilə maraqlanırlar. Əgər heç bir gözlənilməz hadisə baş verməsə, Uşaq Kəndini sentyabr ayına kimi istifadəyə verməyi düşünürük".
2 hektar ərazini əhatə edən tikintidə 50-yə yaxın fəhlə çalışır. Onların əmək haqqını elə SOS Kinderdolf təşkilatı ödəyir.
Qeyd edək ki, hər bir ailə bir ana və 7-8 nəfər uşaqdan ibarət olacaq. Artıq anaların seçiminə start verilib. "Bizə 40-a yaxın qadın müraciət edib. Bu sayın artacağı istisna deyil. İndi müraciət edənlərin parametrləri psixoloqlar tərəfindən yoxlanılır. Əsas şərt budur ki, həmin qadınların gərək öz övladları olmaya. Biz əmin olmalıyıq ki, onlar uşaqlardan öz sevgi və nəvazişlərini əsirgəməyəcəklər. Ana qucağına, isti yuvaya, ailə mühitinə ehtiyacı olan kimsəsiz, atılmış uşaqlara xoşbəxtlik bəxş edəcək analar seçildikdən sonra uşaqların seçiminə başlanacaq". Bunları deyən Ə. Nəsirov seçiləcək ana və uşaqları Respublikanın digər şəhər və rayonlarından da ola biləcəyini vurğuladı. Bildirdi ki, görülən işlər qismən də olsa şəhərimizdə işsizliyin aradan qaldırılmasına köməklik edəcək. Seçilmiş qadınlara ev təsərrüfatı xərcləri ilə yanaşı əmək haqqı da veriləcək. Bundan başqa tikinti başa çatandan sonra da kənddə çalışanların məvaciblərinin ödənilməsini "SOS Kinderdorf" təşkilatı öz üzərinə götürüb. Buna və şəhərciklə bağlı digər işlərə Uşaq Kəndinin direktoru nəzarət edəcək.
Xatırladaq ki, tikintini "SOS Kinderdorf İnterneyşnl" təşkilatının mütəxəssisləri layihələndirib. Tikinti işləri ilə Türkiyənin "EREN Port İnşaat Sənaye və Ticarət A. Ş." Azərbaycan filialı məşğul olur. Bu işlərdə türklərə yerli mütəxəssislər də köməklik edir.
Idman:
Ağırlıqqaldırma
Bakıda "Təhsil" Respublika İdman Mərkəzinin zalında mərkəzin ağırlıqqaldırma üzrə açıq çempionatına yekun vurulub. Yarışda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Cəlilabad idmançıları mübarizə aparıb.
Bu yarışda Gəncənin 2 saylı UGİM-in iki atleti fərqləndi. Mirağa Ağayev (56 kq) 167,5 kq və Namiq Cəlilov (77 kq) isə 270 kq ağırlıq qaldıraraq çempion olmuşlar.
Cüdo
Maştağa Olimpiya İdman Kompleksində Gənclər gününə həsr olunmuş cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı. Respublikanın müxtəlif bölgədən gəlmiş 300-ə yaxın gənc idmançı tatami üzərinə çıxıb. İştirakçılar arasında bir qrup Gəncə idmançısı da var idi.
Birincilikdə gəncəlilərdən yalnız bir idmançı - 2 saylı UGİM-in yetirməsi Asya Həsənova (36 kq) finalda uduzaraq gümüş medala layiq görülüb.
Şahmat
Bakıda Respublika Şahmat Mərkəzində 18 və 20 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan birinciliyi keçirildi. Qələbə uğrunda Bakı, Gəncə, Əli Bayramlı və başqa şəhərlərdən gəlmiş idmançılar mübarizə apardılar.
20 yaşlı qızlar arasında Gəncə məktəblisi Aytən Ağayeva gümüş mükafatçı olub. ***
Tehranda yeniyetmələr arasında (14 yaşa kimi) şahmat üzrə beynəlxalq "Fərc" turniri keçirildi. Yarışda İranın, Qətərin və Azərbaycanın 39 idmançısı mübarizə aparırdı.
Gəncə Şahmat Məktəbin yetirməsi Ayaz Məmmədov 6,5 xal toplayaraq, turnirin qalibi elan edildi. O, kubokla, qızıl medalla və pul mükafatları ilə təltif olundu.
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|