ARXIV
|
#06. 05 - 11 mart 2005
Enerji daşıyıcılarının bahalanması və sosial müdafiə tədbirləri Bu günlərdə Azərbaycan Neft Sənayesi İnformasiya Resurs Mərkəzinin Gəncə filialının ofisində "Karbohidrogen ehtiyatlarla zəngin olan Azərbaycanda enerji qıtlığı və enerji daşıyıcılarının qiymət artımı" mövzusunda seminar keçirildi. Seminara şəhərimizdə fəaliyyət göstərən QHT-lər və yerli KİV nümayəndələri qatılmışlar. Tədbiri giriş sözü ilə açan filialın koordinatoru Elşən Süleymanov qeyd etdi ki, əhalinin həyat səviyyəsinin qənaətbəxş olmadığı bir dövrdə enerji daşıyıcılarının qiymət artımı, əyalətlərdə enerjinin böyük fasilələrlə verilməsi əhali tərəfindən birmənalı qarşılanmır. Son dövrlərdə əhalinin pul gəlirlərinin artması qiymət artımının tənzimlənməsi üçün mühüm addım olsa da, bunu yaşayış səviyyəsi aşağı olan əhaliyə şamil etmək olmaz. Belə ki, orta aylıq əmək haqqının aşağı olduğu, həmçinin işsizliyin olduqca yüksək həddə çatdığı bir məkanda qiymətlərin bu cür artımı arzuolunmazdır.
Digər məruzəçi problemi bu cür dəyərləndirdi: "Beynəlxalq valyuta fondunun nümayəndələri Azərbaycan hökumətinə enerji daşıyıcılarının qiymətlərinin mərhələlərlə, eyni zamanda sosial-müdafiə tədbirlərini paralel surətdə aparmaqla həyata keçirilməsini təklif etmişlər ki, bu artım əhalinin güzəranının pisləşməsinə səbəb olmasın. Bizdə isə təəssüf ki, benzinin qiyməti tədricən artırılsa da, qazın qiyməti sürətlə qaldırıldı. Üstəlik heç bir sosial-müdafiə tədbiri görülmədi. Dövlət nümayəndələri artımı belə əsaslandırırlar ki, Azərbaycanda əməkhaqqının artım tempi kifayət qədər yüksəkdir. Buna görə də, əmək haqlarının artması bu qiymətlərin artımı ilə kompensasiya olunur. Ancaq sual olunur. Hansı əmək haqqının? Büdcə təşkilatlarında çalışanlar çox aşağı məbləğdə əmək haqqı alırlar: elm-təhsil işçiləri 180-200 min manat, səhiyyə, mədəniyyət və sosial sahədə çalışanların isə əmək haqqı 100 min manat təşkil edir. Bu cür insanlar iqtisadi cəhətdən işsiz hesab olunurlar. Dövlət hər halda əmək haqlarının və pensiyaların çox aşağı olmasını nəzərə alaraq enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə paralel, bu sahələrdə vəziyyətin normallaşması istiqamətində tədbirlər görməli idi və ilk addımda buna gecikdi".
Seminar əsnasında çıxış edən digər məruzəçi qeyd etdi ki, enerji daşıyıcıları elə bir sahədir ki, o, istər-istəməz ölkə üzrə istehsal olunan məhsulların maya dəyərinə birbaşa təsir edir. Onların maya dəyərinin artmasına gətirib çıxarır. Hazırda ölkəmizdə əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Rəsmi statistika əhalinin 44,5 faizinin yoxsul həddində yaşadığını göstərir. Hər kəsə məlumdur ki, vətəndaşların böyük əksəriyyəti elektrik enerjisindən, qazdan lazımınca istifadə edə bilmirlər, ələlxüsus da qış aylarında. Qiymətlər artırılmadan əvvəl sosial-müdafiə tədbirləri həyata keçirməli, paylayıcı şəbəkələr qaydaya salınmalı və sayğaclar quraşdırılmalıdır. Buna baxmayaraq, bu gün əhali istifadə etdiyindən daha artıq enerji pulu ödəməli olur. Çünki sayğaclar hələ hər yerdə quraşdırılmayıb.
Ümumilikdə isə qeyd olundu ki, artımla əlaqədar indi əhalinin güzəranının pisləşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsə, eyni zamanda yenidən qiymət artımı davam etsə, az bir vaxtda biz bumeranq effektinin canlı şahidi ola bilərik.
Yeni layihənin icrasına başlanılıb Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2005-ci il beynəlxalq mikromaliyyə ili elan olunub. Bunun Azərbaycanda uğurla həyata keçirilməsi üçün Kənd Təsərrüfatında özəl Bölmənin İnkişafına Yardım Agentliyi (KTÖBİYA) təsis edilib.
1999-cu ildə hökumətimizlə Dünya Bankı arasında kredit sazişi imzalanıb. Yuxarıda adını çəkdiyimiz qurum da bu sazişə müvafiq olaraq "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" layihəsinin icrasına başlayıb. Sevindirici haldır ki, daşınmaz əmlakın qeydiyyatı, kəndlərin kreditləşməsi, kənd təsərrüfatı strategiyası, informasiya və məsləhət xidmətlərinin təşkili kimi məsələlərin icrası ilə Gəncə Regional Məsləhət Mərkəzi də məşğul olur. Mərkəzin direktor müavini Arif Cahangirov bildirdi ki, qurum respublikanın qərb bölgəsinə daxil olan kəndlərin kreditləşməsi layihəsini icra edir:
"İnformasiya, məsləhət xidməti və eyni zamanda Türkiyədən gəlmiş mütəxəssislərin köməyilə təsis edilmiş "İcraçı kredit agentliyi"nin əməkdaşlığı ilə girovsuz mikrokreditlərin verilməsi mexanizmi ilk dəfə məhz KTÖBİYA tərəfindən işlənmiş və respublikanın müxtəlif bölgələrində tətbiq edilməyə başlanmışdır. Mikrokreditlərin verilməsi üçün infrastruktur yaradılıb. Bu mexanizm yüksək göstəricilər əldə etməyə imkan verib. Qısa vaxt ərzində respublikada 20 mindən artıq torpaq mülkiyyətçisinə 8 milyon dollara yaxın girovsuz kredit verilib. Verilən kreditlər isə 99 faiz qaytarılıb".
A. Cahangirov qeyd etdi ki, rəhbərlik etdikləri təşkilatın 29 kənddəki məsləhətçiləri tərəfindən 10-20 nəfərdən ibarət borcalan qrupları formalaşdırılır:
"Kredit almaq istəyənlərə bu qruplarda təlimlər keçirilir. Biznes planlarının işlənməsinə və kredit ərizələrinin hazırlanmasına köməklik edilir. Pul verilərkən torpaq mülkiyyətçilərindən şəxsiyyəti təsdiq edən sənəddən başqa heç bir əlavə sənəd tələb olunmur". Qeyd edək ki, kredit fermerlərə yaşadıqları kəndlərdə verilir. Kredit ərizələrinin doldurulmasının sadəliyi, kəndlərin özündə məsləhət mərkəzinin təşkili mikrokreditləri fermerlər üçün cəlbedici edir. Kredit götürmək istəyənlər Gəncə Regional Məsləhət Mərkəzinin Qərb regionunun kəndlərdə yerləşən mərkəzlərinə müraciət edirlər.
Müsahibimiz bu bölgə üzrə 5 min torpaq istifadəçisinə 1,7 milyon dollar mikrokredit verildiyini dedi: "2005-ci ilin yanvar ayında 24 qrupa 160 min dollar, fevral ayında isə Samux, Şəmkir, Tovuz, Daşkəsən, Xanlar və Gədəbəy rayonunda 57 qrupa 410 min dollar kredit verilib".
A. Cahangirov əlavə etdi ki, fevral ayında kredit alanlardan 757 nəfəri birinci dəfə, 332 nəfəri ikinci dəfə, 24 nəfəri isə üçüncü dəfə kredit alır:
"Birinci dəfə kredit alanlara 300, ikinci dəfə alanlara 500, üçüncü dəfə alanlara isə 700 dollar verilib. Bu ilin iki ayı ərzində yerli istehsalçılar 570 min dollardan artıq kredit əldə edib. Bundan 81 fermer qrupunda birləşmiş 1500 nəfər kəndli yararlanıb".
Onu da qeyd edək ki, fevral ayında qərb bölgəsində Gəncə Regional Məsləhət Mərkəzinin nəzdində Milli Bankdan lisenziya almış, Dünya Bankının vəsaiti hesabına ofis mebeli, kompüter, generator, faks və digər avadanlıqlarla təchiz edilmiş 5 kredit ittifaqı yaradılıb. Mart ayından kredit ittifaqlarının mütəxəssislərinə 2 həftəlik treninqlər keçiriləcək. Və bundan sonra həmin 5 ittifaq mikrokreditlərin paylanması işinə başlayacaq.
Qaçqınlara plastik kartlar paylanacaq
Bu günlərdə Dövlət Qaçqın və Məcburi Köçkünlər Komitəsinin (DQMKK) kollegiya iclasında köçkünlər üçün ayrılmış müavinətlərin ödənilməsi ilə bağlı şəffaflığı təmin etmək məqsədilə plastik kartların paylanması məsələsi müzakirə olunub. Həmin iclasda iştirak edən DQMKK-nın Gəncə şöbəsinin sədri Süleyman Abbasovun sözlərinə görə, Qaçqınkomun sədri Əli Həsənov tərəfindən bu məsələ qaldırılıb və qəbul olunub. Cari ildən etibarən köçkünlərə plastik kartların paylanmasına artıq başlanılıb. Bu proses ilk olaraq Bakıda başlanılıb, yaxın vaxtlarda Gəncədə və bölgələrdə davam edərək, ilin sonuna qədər başa çatdırılmalıdır.
Müsahibimiz onu da qeyd edir ki, bu kartların köməyi ilə köçkünlər çörəkpulu və pensiya təminatını əldə edə biləcəklər və hər bir ailə üçün kart nəzərdə tutulub.
- Belə ki, Gəncədə 14 min 893 nəfər məcburi köçkün yaşayır, bu da təqribən 4500 ailə deməkdir. S. Abbasov onu da qeyd etdi ki, Gəncədə plastik kartların istifadəsi ödəmələr zamanı baş verən ajiotajın, qanunsuz pul tutulmalarının qarşısını alacaq. Sonda onu da qeyd edək ki, bu plastik kartların hər birinin hazırlanması 7 ABŞ dollarına başa gələcək. Və lazım olan vəsait dövlət tərəfindən ödəniləcək.
"Gəncəbasar" jurnalisti mükafata layiq görüldü.
Ötən il Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) dəstəyi ilə "QHT-lərin inkişafı üçün əlverişli hüquqi mühitin yaradılması" mövzusunda jurnalistlər arasında elan edilən müsabiqənin yekunları bu günlərdə açıqlandı. Fevralın 24-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə 5 fərqləndirilən yazı müəllifinə fəxri diplom və 100 ABŞ dolları həcmində pul, həmçinin 50 ABŞ dolları həcmində bir həvəsləndirici mükafat təqdim olundu. Sevindirici haldır ki, mükafatçıların sırasında "Gəncəbasar" qəzetinin də jurnalisti var idi. Əməkdaşımız Ruhiyyə Verdiyeva "İctimai maraqların müdafiəsində QHT-lərin rolu" yazısına görə həvəsləndirici mükafata layiq görüldü.
"Məqalədə müsahibim - Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Gəncə şöbəsinin İdarə Heyə tinin sədri Nadir İbadov 90-cı illərin sonlarından başlayaraq Gəncədə QHT-lərin yaranma tarixi, fəaliyyəti dövrü haqqında oxuculara ətraflı məlumat verib. Həmçinin ötən prezident seçkilərində əhalinin maarifləndirilməsi istiqamətində QHT-lərin birgə fəaliyyəti də geniş işıqlandırılıb" - deyən R. Verdiyeva, yazıda ictimai maraqların müdafiəsində QHT-lərin rolunun bu gün hansı səviyyədə olması məsələsindən geniş söhbət açıldığını bildirdi. O, iş təcrübəsinin artırılmasında bu kimi müsabiqələrdə iştirak etməyin əhəmiyyətli olduğunu da söylədi: "Mənim fikrimcə müsabiqədə qalib gəlmək əsas şərt deyil. Əsas odur ki, iştirak edəsən və regionun problemlərini geniş oxucu kütləsinə, müxtəlif dairələrə çatdırasan".
Müsabiqə iştirakçıları arasında regiondan yeganə jurnalist olan R. Verdiyeva bölgədən də müxbirlərin bu cür tədbirlərdə mütəmadi iştirakını və layiqli yer tutmalarını arzuladığını bildirdi.
Biz də qəzetimiz adından əməkdaşımızı ürəkdən təbrik edir, ona uğurlar diləyirik!
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|