ARXIV
|
#13. 26 aprel - 02 may 2005
VETERANLARLA GÖRÜŞLƏR KEÇIRILMƏKDƏDIR
Aprelin 23-də M. Ə. Sabir adına 5 saylı orta məktəbdə Qələbənin 60 illiyi şərəfinə müəllim və şagirdlərin Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirildi.
Məktəbin direktoru Firuddin Nadirov akt zalında qonaqları səmimi qarşılayaraq salamladı. O, Böyük Vətən müharibəsində ölkəmizin böyük xidmətləri olduğunu vurğuladı.
F. Nadirov öz çıxışında qeyd etdi ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın kişi əhalisinin üçdən biri iştirak etmiş və onlardan, demək olar ki, yarısı şəhid olmuşlar.
Sonra Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri iştirakçıları çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən və bu işdə məktəblərin əvəzolunmaz rolundan söhbət açdılar.
Çıxışlardan sonra məktəbin şagirdlərinin ifasında şerlər dinlənildi, səhnəciklər nümayiş etdirildi, məktəb kollektivi adından veteranlara hədiyyələr təqdim olundu.
***
Bu günlərdə C. Cabbarlı adına 6 saylı orta məktəbdə müəllim və şagirdlərin Böyük Vətən müharibəsinin iştirakçıları, ictimai qurumların nümayəndələri ilə görüşü keçirildi. Məktəbin direktoru Ziyafət Həsənova qonaqları salamladıqdan sonra şagirdlərə Böyük Vətən müharibəsi haqda məlumat verdi. Daha sonra şəhər Veteranlar Şurasının sədri Rza Hacıyev öz çıxışında qeyd etdi ki, azərbaycanlıların bu Böyük Qələbədə misilsiz əməyi olub. Çünki qələbə Azərbaycan neftinin hesabına əldə olunub.
Sonra müharibə veteranları - biologiya elmləri namizədi Zahid Muxtarov, sürücü İsrayıl Nağıyev, 416-cı Taqanroq diviziyasının keçmiş zabiti Məmməd Sadıxov məktəblilərə öz döyüş yollarından danışdılar.
Sosialist Əməyi Qəhrəmanı, tanınmış çoban Boran öz çıxışında sülhün qorunması, Respublikanın Əməkdar inşaatçısı və ziyalısı, 93 yaşlı Qambay Verdiyev beynəlmiləlçilik haqqında danışdılar. Şəhər Rus İcmasının sədri Nadejda Nəzərli isə gənc nəslin II Dünya müharibəsindən az məlumatı olması və bu sahədə təşviqat işinin zəif aparılması haqqında iştirakçılara məlumat verdi. Peşəkar zabit, SSRİ Hərbi Qüvvələr veteranı Kərəm Quliyev müasir ordunun necə vəziyyətdə olması haqqında danışdı.
Görüşün sonunda məktəbin direktoru Ziyafət Həsənova qonaqlara öz minnətdarlığını bildirdi.
QADINLAR SEÇKİ HAZIRLIĞINA START VERDİLƏR "Qadınlar qarşıdan gələn parlament seçkilərində fəallığı artırmalıdır" - bu çağırış aprel ayının 18-də Gəncə şəhəri Sadıllı icması qadın üzvlərinin iştirakı ilə keçirilən seminarda səsləndi. Tədbir"Proyekt Harmoni" təşkilatının elan etdiyi"Qadın liderlik fəaliyyətinin gücləndirilməsi" proqramına müvafiq olaraq"Parlament seçkiləri zamanı qadın fəallığının artırılması" layihəsi çərçivəsində təşkil olunmuşdu. Layihənin rəhbəri Məleykə Əlizadə tədbir iştirakçılarına görmək istədiyi işin məqsəd və məramını açıqladı: "Parlamentimizdə 124 deputat arasında 5-6 qadının olması məqsədə uyğun deyil. Nəzərə alsaq ki, əmək qabiliyyətli vətəndaşların əksəriyyəti qadındır, onda onların müvəkkilləri nə üçün qadın olmamalıdır. Bu, başqa səbəblərlə yanaşı ictimai-siyasi işlərdə qadın fəallığının olduqca aşağı olmasından da qaynaqlanır. Məhz belə çatışmazlığı aradan qaldırmaq məqsədi ilə maarifləndirmə işləri həyata keçirmək istəyirik. Məqsədimiz növbəti parlament seçkiləri zamanı ictimai maraqları qorumaq naminə ayrı-ayrı icmalarda qadınların rolunu, aktivliyini yüksəltməkdir".
M. Əlizadə Sadıllı icmasında qadın üzvlərinin sayının çox olduğunu və onların başqalarına nisbətən fəallıq göstərdiyini nəzərə aldığını qeyd edərək, seminarın da burada keçirilməsinə qərar verildiyini bildirdi.
Seminarın gedişi boyu icma üzvlərinə Seçki Məcəlləsindəki seçicinin hüquq və vəzifələri haqqında məlumat verildi. Əvvəlki prezident, parlament və bələdiyyə seçkilərində qadın fəallığının nəzərə çarpmasına mane olan səbəblər sadalandı. Eyni zamanda səsvermədən sonra öz səslərinin müdafiəsi yolunda ən optimal variant kimi qadınların ayrı-ayrı məntəqələrdə fərdi müşahidəçi rolunda çıxış etməsi tövsiyə olundu.
AVROPALILAR HVA GƏNCƏ OFİSİNİN İŞİ İLƏ MARAQLANIRLAR
Niderlandlı ekspert Maykl Hupkers və konsultant Bob Leonard 20-21 aprel tarixlərində Helsinki Vətəndaş Assambleyasının Gəncə ofisinin qonağı oldular. Ekspertlərin gəlişinin məqsədi HVA-Gəncə ofisində"Təşkilatın ehtiyat və ehtiyaclarının öyrənilməsi" ilə bağlı HVA-nın yerli şöbəsinin fəaliyyətinin yaxından araşdırılması idi.
Aprelin 20-də qonaqlar HVA Gəncə ofisinin rəhbəri Akifə Əliyevanın hesabatını dinlədilər, habelə, təşkilatın fəalları ilə söhbətlər apardılar. Aprelin 21-də isə onlar ofisin gələcək üçün nəzərdə tutulan təkliflərini dinlədilər. Onlar yerli təşkilata bir sıra təklif və tövsiyələr də verdilər və elə həmin gün də Qazax rayonuna, oradan isə qonşu Gürcüstana yola düşdülər.
YENİ TİKİNTİLƏR VƏ KƏHRİZ XOFU
Son dövrlərdə şəhərimizdə yeni çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Şəhərin mərkəzində (İnzibati bina ilə üzbəüz), Sərdar bağının və Xalça kombinatının qarşısında, Mahrasa bağında inşasına başlanılan tikililər Gəncənin ümumi görkəmini dəyişəcək. Lakin xeyli vaxtdır ki,"Xan evi" və Mahrasa bağında tikilməkdə olan 12 mərtəbəli yaşayış binalarının özülü altından kəhrizlərin keçdiyi barədə söhbətlər dolaşır. Hətta"Xan evi"ndə tikintinin dayandığını da söyləyənlər az deyil. Deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün"Caspian Service" şirkəti tərəfindən inşaat işləri aparılan əraziyə yollandıq.
Tikintinin iş icraçısı Oqtay Quliyev bildirdi ki, bu ərazidən kəhriz keçmir. Burada vaxtilə qazanxana olduğundan belə şayiələr məqsədli yayılır:"Əgər buradan kəhriz keçsəydi, heç bir şirkət tikintiyə bu qədər vəsait qoymazdı. Qazıntı zamanı bir neçə boru çıxıntıları aşkar edilib. Belə diametrli borulardan kəhriz keçə bilməz". O. Quliyev onu da bildirdi ki, tikintiyə başlamazdan əvvəl Gəncə şəhər Memarlıq və Tikinti İdarəsindən müsbət rəy alınıb.
Mahrasa bağında tikilən 12 mərtəbəli iki binanın inşa edildiyi ərazidən də bir vaxtlar kəhrizin keçdiyi barədə söz gəzirdi. Bu haqda binaların tikintisinə etiraz edən ətraf binaların sakinləri də fikir söyləyirlər. Tikintini aparan Şərur-Gəncə Mənzil Tikinti Kooperativinin iş icraçısı Məmməd Hüseynov məsələ ilə bağlı bunları deyir:"Mən bu haqda yalnız sakinlərdən eşitmişəm. Qazıntı zamanı isə heç bir kəhriz aşkar olunmayıb. Tikintiyə başlamazdan əvvəl müvafiq idarədən razılıq alınıb. Bu ərazidə tikintiyə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu da müsbət rəy verib".
Şəhərin baş memarı Məmməd İbrahimov məsələ ilə bağlı olaraq bildirdi ki, hər iki tikili ilə əlaqədar bütün müvafiq idarələrin rəyləri var. Və həmin rəylərə əsaslanaraq tikintiyə icazə verilib."İndi orada tikinti gedirsə, demək kəhrizdən söhbət gedə bilməz" - deyən M. İbrahimov, binaların tikintisi ilə bağlı problem olmadığını vurğuladı.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Meliorasiya, Hidravlika və Su Təchizatı kafedrasının müdiri, dosent Mirnaib Mirsalahov sorğumuza cavab olaraq bildirdi ki,"kəhrizlər çəkilən dövrdə texnika olmadığından, əllə qazılırdı. Onların da maksimum dərinliyi 1-1,5 metr dərinliyində olub. Lakin indi tikilən evlərin özülü 3-4 metr qazılır. Ona görə də hətta oradan kəhriz keçsə də, bu tikintiyə heç bir təhlükə törətmir".
Beləliklə, aldığımız cavablar onu deməyə əsas verir ki, binaların inşası davam edəcək. İş icraçısı O. Quliyev isə"artıq havaların isinməsi ilə əlaqədar iş prosesi sürətləndiyini,"Xan evi"nin vaxtından tez, 10 ay müddətində istifadəyə veriləcəyini vurğuladı. Mahrasa bağında inşa ediləcək binaların isə artıq bünövrəsi qoyulur. İşlərin davam etdirilməsi burada da kəhrizlə bağlı xofun yaşanmadığına dəlalət edir. Sadə adamlar arasında isə söz-söhbətlər hələ davam etməkdədir."Yanmayan yerdən tüstü çıxmaz" məsəli kaş bu dəfə doğru çıxmaya!
GƏLİR VERGİSİNDƏN AZAD
MƏCBURİ SATIŞ BAZARI
Daxili İşlər Nazirliyinin qərarına görə, 2005-ci ilin iyun ayına qədər ölkə ərazisində yaşayan və 18 yaşdan yuxarı bütün vətəndaşlar Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir. Bu məqsədlə nazir Ramil Usubov şəhər, rayon polis idarələrinə onlara müraciət edən vətəndaşların sənədlərini maneəsiz qəbul etmək və 10 gün müddətində şəxsiyyət vəsiqələrini sahiblərinə çatdırmaq tapşırığı verib. Hətta cənab nazir bu barədə dəfələrlə KİV-lər qarşısında bəyanatla çıxış edərək, bu məsələ ilə əlaqədar hər hansı narazılıq baş verərsə, əhalidən birbaşa nazirliklə əlaqə saxlamağı xahiş etdi. Lakin bu gün Gəncədə şəxsiyyət vəsiqəsi əldə etmək üçün müraciət edən, amma ərizələrinə aylarla cavab verilməyən yüzlərlə vətəndaş var. Onlardan bir qrupu bu günlərdə redaksiyamıza müraciət edərək, üzləşdikləri süründürməçilikdən şikayətləndilər. Biz də səsləndirilən problemlərə aydınlıq gətirmək üçün Gəncə şəhər Nizami rayonu üzrə xidmət şöbəsinə üz tutduq.
Səhər saat 10 olmasına baxmayaraq gözləmə otağında saysız-hesabsız vətəndaşlar var idi. Onların narazılıqlarını simalarındakı cizgilərdən oxumaq olurdu. Mövcud vəziyyəti yerində qiymətləndirməyi bacaran, başqa sözlə qapıda duran polis əməkdaşları ilə"iş birliyi" qura bilən ayrı-ayrı vətəndaşların sənədləri heç bir çətinlik olmadan qəbul edilir və hörmətlə yola da salınırdı. İmkansız şəxslər isə saatlarla otaqda onlara çatacaq növbəni gözləyirdilər. Adının çəkilməsini istəməyən bir şəxs bizimlə söhbətində qeyd etdi ki, şəxsiyyəti təsdiq edən sənədi qısa müddətdə almaq adı ilə ondan 200 min manat pul götürülüb, vəsiqəni isə o, yalnız bir aydan sonra əldə edib.
Qeyd edək ki, şəxsiyyət vəsiqəsi üçün rəsmən dövlət rüsumu 5500 manat olsa da, bu gün həmin sənədi almaq ən azı 50-60 min manata başa gəlir. Onqat artıq məbləğ fərqi ilə vətəndaşlıq almağa məhkumların sayının hasilini hesablamaq üçün isə riyaziyyatçı olmaq lazım deyil.
Bax, beləcə, hətta dövlət əhəmiyyətli bir məsələ də dövlət məmuru olan korrupsionerlər üçün"qaz vurub, qazan doldurmaq" mənbəyinə çevrilir. Dövlət isə xüsusi bir qurum da yaradıb, guya korrupsiya ilə mübarizəyə nədən başlayacağını götür-qoy edir...
|
Bu həftə buraxilişi
PDF formatda
#19 (93) 07 - 17 iyun 2005-ci il
[
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(http://www.ganca.net/downloads/download.php?showme=5): failed to open stream: HTTP request failed! HTTP/1.1 403 Forbidden
in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
Warning: main(): Failed opening 'http://www.ganca.net/downloads/download.php?showme=5' for inclusion (include_path='.:/usr/local/php4/lib/php') in /home2/ganca/domains/www/aze/x_right.html on line 15
]
dəfə yüklənib.
|
|